NATO-nun Polşada keçirilən təlimi zamanı tankın tırtıllı altında qalan Varşavada yerləşən 1-ci Zirehli Briqadanın daha bir əsgəri ölüb.
Publika.az xəbər verir ki, bununla bağlı briqada məlumat yayıb.
“Böyük təəssüf hissi ilə bildiririk ki, martın 6-da günortadan sonra 1-ci Zirehli Briqadanın ikinci əsgəri Şeçin şəhərindəki hospitalda dünyasını dəyişib. Tezliklə xəstəxanaya çatdırılmasına və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”, - deyə məlumatda bildirilir.
Əvvəlki gün, martın 5-də Dravsko-Pomeraniya bölgəsindəki poliqonda təlim zamanı iki əsgər tankın altında qalıb. Əsgərlərdən biri dünyasını dəyişib, vəziyyəti ağır olan digəri isə çoxsaylı xəsarətlərlə helikopterlə xəstəxanaya aparılıb.
Polşada keçirilən “Dragon 2024” təlimi fevralın sonundan etibarən NATO-nun “Steadfast Defender 2024” genişmiqyaslı təliminin bir hissəsi kimi keçirilir. Təlimdə alyansa üzv olan on ölkədən 20 minə yaxın əsgər və 3,5 min hərbi texnika iştirak edir.
Tural