Portuqaliyada sağçı namizəd Luis Monteneqro baş nazir olacaq. Lakin onun quracağı hökumət “axsaq ördək”dir, yəni idarəetmə səlahiyyəti olamayacaq. Digər tərəfdən ifrat sağçı Çeqanın qazandığı səslərin və yerlərin sayı ölkədə narahatlıq yaradıb.
Publika.az xəbər verir ki, Portuqaliyada keçirilən seçkilərdə mərkəz sağçılar qalib gəlib. Lakin onların hökumət qurmaq səlahiyyəti olsa da, idarə etmək səlahiyyəti olmayacaq.
Sosialist Partiyası deputatlarının sayını 120-dən 77-yə endirməklə məğlub olduğu halda, radikal sağ partiya olan Çeqanın deputatlarının sayını 12-dən 48-ə çatdırması diqqət çəkib. Əvvəlki seçkilərdə Çeqa 385 minə yaxın səs topladığı halda, bu seçkidə 1 milyonu keçib.
Monteneqro hökumət qursa belə azlıq hökuməti olacaq. Lakin ifrat sağçı Çeqa ölkədə ikipartiyalı rejimin sona çatdığını elan edərək Demokratik Alyansla birgə hökumətin qurulmasına "yaşıl işıq" yandırıb. Burada ön plana çıxan, Portuqaliya prezidenti Marselo Rebelo de Sousanın nə qərar verəcəyidir. Gözlənti onun Luis Monteneqronu baş nazir təyin edəcəyidir.
Aysel Şahmar