Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün könüllük proqramına qeydiyyat başa çatıb.
Publika.az xəbər verir ki, COP-un könüllüsü olmaq üçün potensial namizədlər əvvəlcə müraciət portalında qeyd edilən tələblərə uyğun qiymətləndirilərək seçimlərə qatılacaqlar.
Uğur qazanan namizədlər bacarıq və səriştələrinin artırılması, həmçinin rol təlimlərinə cəlb olunacaqlar
***
11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllülərin iştirakını təşkil etmək üçün nəzərdə tutulan Könüllülük Proqramına qeydiyyat bu gün saat 23:00-da başa çatır.
Bu barədə Publika.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, cari ilin 29 may tarixində elan olunan və həmin gündən etibarən aktiv şəkildə müraciətləri qəbul edən Könüllülük Proqramına qeydiyyat bu gün saat 23:00-da başa çatır. Ölkəmizin ev sahibliyi edəcəyi bu nüfuzlu iqlim tədbirinin təşkili üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli və xarici vətəndaşlar olmaqla, 3000-dən çox könüllünü prosesə cəlb edəcək.
Könüllülük proqramına qeydiyyatdan keçmək və bu qlobal tədbirin bir parçası olmaq üçün artıq son saatlar qalıb. COP29 Əməliyyat Şirkəti bildirir ki, Proqrama qeydiyyat prosesi zamanı 16 000-ə yaxın namizədin müraciəti daxil olub.
Könüllülük proqramı könüllülərin layihəyə rahat və sistemli şəkildə qoşulmaları üçün bu portal üzərindən icra edilir. Bu proqramı həvəsli və məqsədli şəxslərə iqlim dəyişikliyi üzrə ən mühüm qlobal konfranslardan birinin uğuruna töhfə vermək üçün misilsiz şans təqdim edir. Könüllülər logistika və media xidmətlərindən tutmuş kommunikasiya və protokol işlərinə qədər tədbirin müxtəlif aspektlərində müstəsna rol oynayacaqlar.
Könüllülər auditoriyasında yüksək aktivlik müşahidə olunub və 16 000-ə yaxın olan namizəd qeydiyyatdan keçib. Tədbirin əsasını təşkil edən könüllülər və onların fədakarlığı və öhdəliyi dünyada iqlim dəyişmələri mövzusunda müsbət dəyişikliyə səbəb olmaqda zəruri rol oynayacaqdır. Bu son saatlar hələ də qeydiyyatdan keçməmiş şəxslər üçün keçirələcək bu qlobal tədbir xüsusunda bizə qoşulmaq üçün bir fürsətdir.
COP29 Könüllülük Proqramı çərçivəsində qeydiyyat ərizələrini tamamlayan namizədlərimiz yenicə istifadəyə verilmiş Könüllülər Mərkəzində iyul ayının sonuna qədər davam edəcək müsahibə prosesinə dəvət olunacaqlar. Daha sonra isə onlar informativ təlim sessiyalarına, şəbəkələşmə imkanlarına və dayanıqlılıq istiqamətində qlobal hərəkatın bir hissəsi olmaq şansına sahib olacaqlar. Qeydiyyatınızın uğurla tamamlandığından əmin olmaq üçün portala daxil olub elektron kabinetinizi yoxlaya bilərsiniz.