Dəfələrlə ictimai bəyanatlarda da dediyim kimi, neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik.
Publika.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
"Sizinlə dünən ətraflı şəkildə müzakirə etdiyimiz daha bir mövzunu diqqətinizə çatdırmaq istərdim. Bu da COP29-dur. Biz əminik ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hazırlıq işləri və tədbirin keçirilməsi zamanı Azərbaycanın fəal tərəfdaşı olacaqdır. COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Dəfələrlə ictimai bəyanatlarda da dediyim kimi, neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik", - dövlət başçısı qeyd edib.
Prezident hesab edir ki, bizi tənqid etməyə cəhd göstərənlər və bu qlobal tədbirə ev sahibliyi etmək şərəfinə bizi layiq görənlər anlamalıdırlar ki, bizim niyyətimiz iqlim məsələlərinə töhfə verməkdir. Artıq yaşıl keçidlə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var.