28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

SEPAH Azərbaycanda bacarmadığını, Pakistanda etdi

20 yan 2024 07:00
GÜNDƏM
ads

İran və Pakistan qarşılıqlı zərbələrdən sonra diplomatik əlaqələrin bərpası ilə bağlı razılıq əldə edib. Toqquşmanın uzunmüddətli olmayacağı gözlənilən idi: tərəflərin heç biri bunda maraqlı deyil, hücum və cavab zərbəsinin “terrorçuları zərərsizləşdirmək” adı altında edilməsi də bunu göstərir, eyni zamanda hər iki tərəfin sıx əməkdaşlıq etdiyi ölkələr, xüsusilə Çin prosesin genişlənməsinin əleyhinədir;

Lakin "İran-Pakistan qarşıdurması niyə yaşandı" sualı açıq olaraq qalır.

Pakistanın İran ərazisinə zərbə endirməsi adekvat cavab baxımından anlaşılandır, İranın hücumu isə birmənalı deyil. Və bunun arxasında İranın həm daxili, həm də regional müstəvidə hədəflərinin olduğu bəllidir.

Daxili hədəf: SEPAH post-Xameneyi dövrünə hazırlaşır;

İranda hakimiyyətin hərbçilərə ötürülməsi prosesinə hazırlıq getdiyinə dair məlumatlar var, mövcud iqtidarın əsas missiyası da budur. Post-Xameneyi dövrünə hazırlıq məqsədi daşıyan bu prosesdə SEPAH və ordu arasında (Baqerinin rəhbərlik etdiyi qruplar) ziddiyyətlər, hətta toqquşmalar müşahidə edilir. SEPAH-ın nəzarəti tamamilə ələ almaq üçün “xarici təhlükə” ssenarisini işə salacağı, daxili sabitliyi mühafizə etmək məqsədilə aktiv əməliyyatlara başlayacağı əvvəldən gözlənilirdi. Hətta Azərbaycanla qarşıdurmanı qızışdıran SEPAH-ın əsas hədəflərindən biri də bu idi, lakin Türkiyə faktoru, eləcə də Cənubi Qafqazda maraqlı tərəflər bu ssenarinin reallığını arxa plana atır. Əvəzində SEPAH-ın diqqəti Bəlucistana yönəldəcəyi mümkün ssenarilərdəndir.

- birincisi, bu bölgənin İranın parçalanması ssenarisində potensial təhlükə olması ciddidir;
- ikincisi, Pakistan ərazisində “Ceyş ül-Ədl”ə zərbə endirən İran Sistan-Bəlucistan bölgəsindəki bəluclar üzərində də təzyiq atmosferini gücləndirir;


Bu hücumlar SEPAH-a daxili ictimai rəydə (burada İran ictimaiyyətindən daha çox, İran elitası nəzərdə tutulur) “ölkəni müdafiə edən qüvvə” imicini gücləndirmək üçün lazımdır. Çünki “keşikçilər korpusunun” elita daxilində “qalxan imici” ciddi şəkildə zədələnib:

- Məhsa Əmini etirazlarının qarşısını ala bilmədilər və ciddi şəkildə “qan itirdilər”;
- Qasım Süleymaninin öldürülməsindən indiyə qədər ciddi “qisas” əməliyyatı keçirə bilməyiblər: Kirmanda yenə Süleymaninin anım mərasimində baş verən partlayışlardan sonra da (ki, bu partlayışın məhz SEPAH-ın İraq, Suriya və Pakistana zərbə endirməsinə əsas yaratmaq məqsədi daşıdığı istisna edilməməlidir) “dişsiz” siyasət yürütdülər;
- İsrailin Qəzzaya genişmiqyaslı hücumu qarşısında faktiki səssiz qaldılar;

SEPAH İraqa, Suriyaya və Pakistana eyni anda zərbələr endirərək, belə demək mümkünsə, “yığılıb qalan qisası” aldığı görüntüsü yaradır. Və İran inqilabının əsas “qoruyucuları” olduqlarını nümayiş etdirirlər.

Regional hədəf: İsrail-Həmas müharibəsi, ardınca Yaxın Şərqdə eskalasiya riskinin aktualaşdığı vaxt İran “əzələ nümayişi” sərgiləyir, xüsusilə İraq və Suriyada ABŞ və İsrail hədəflərinə hücuma etməklə buna cəhd göstərir. Bu, həm Kirmandakı partlayışın “qisası”na, həm daxili və “müqavimət oxu” adlandırdığı və proksi qüvvələrinin yayıldığı coğrafiyanın ictimai rəyini “yemləməyə” hesablanıb - hərçənd, Tehranın zərbə endirməmişdən öncə Vaşinqtonu məlumatlandırması təcrübəsi bu dəfə də eyni addımın atıldığı versiyasını gücləndirir -, həm də ABŞ-İsrail cəbhəsinə qarşı mübarizə apardıqlarını sərgiləyirlər.

Lakin bütün bunlar – SEPAH və onun daxili-regional hədəfləri, Qəzza müharibəsinin bölgədə yaratdığı vəziyyət və s. – Pakistana niyə hücum edildiyi sualına tam cavab vermir.

İstisna deyil ki, İranın Pakistana hücumu onun əsas rəqibi Hindistanla əlaqələndirilmiş ssenaridir və daha çox “yoxlama” məqsədi daşıya bilər. Və bu “yoxlama hücumu”nun nəqliyyat dəhlizləri uğrunda mübarizədən qaynaqlandığını demək mümkündür.

- Çin-Pakistan İqtisadi Dəhlizində (CPEK) Bəlucistanda yerləşən Qvadar limanı önəmli nöqtələrdəndir;
- İran bu bölgədəki nəqliyyat dəhlizlərində Qvadar limanının yox, Çabahar limanının seçilməsinə çalışır;
- Hindistan-İran-Ermənistan nəqliyyat dəhlizinin aktuallaşmasındakı səbələrdən biri də limanlar uğrunda mübarizə idi;


Və əsas diqqətçəkən məqamlardan biri SEPAH-ın Pakistana hücumundan bir neçə gün öncə Hindistan və Ermənistanın İrandan keçərək, Ermənistana və oradan Avropaya çıxan ticarət yolunun bu ilin may ayına kimi açılmasına dair razılaşmanın əldə edilməsidir. Bu kontekstdə İranın Pakistana hücumu bölgənin eskalasiyaya sürüklənməsi və layihələrin arxa plana keçməsi ssenarisinin “yoxlanılması”, bunun mümkün olub-olmadığının sınaqdan keçirilməsi ola bilərdi. İstisna deyil ki, İslamabadda Tehranın niyyətini anladıqları üçün dərhal adekvat zərbələr endirməklə bu ssenarinin mümkünsüzlüyünü nümayiş etdirdilər.

Asif Nərimanlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur