06.08.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Azərbaycanın nə qədər taxıl ehtiyatı var? - Rəqəmlər AÇIQLANDI

06 avq 2025 14:00
GÜNDƏM
ads

2025-ci ilin ilk 6 ayı ərzində əvvəlki illərlə müqayisədə Azərbaycanın taxıl idxalı iki dəfə artıb. Eyni zamanda, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkə daxilində taxıl istehsalında da artım müşahidə olunub.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli Qutb.az-a açıqlamasında bildirib ki, Azərbaycana hər il təxminən 1.2–1.3 milyon ton taxıl idxal edilir.

“Bu göstərici artıq bir neçə ildir ki, ciddi dəyişiklik olmadan sabit qalır. Ölkənin ümumi taxıl tələbatının 80–90%-i məhz idxal olunan ərzaqlıq buğda hesabına ödənilir. Qalan 10–20% isə yerli istehsalın payına düşür”.

O əlavə edib ki, Azərbaycanın əsas taxıl idxal etdiyi ölkə Rusiyadır.

“Taxıl idxalının təxminən 90%-i bu ölkənin payına düşür. Qazaxıstan və Ukraynadan da taxıl idxal olunur, lakin bu ölkələrin ümumi idxaldakı payı 10-15%-dən artıq deyil. Belə bir vəziyyətdə yalnız bir ölkədən - xüsusilə də Rusiyadan bu qədər asılı olmaq strateji baxımdan risklidir.

Sözügedən məsələni gündəmə gətirərək iki əsas alternativi təklif etmək mümkündür: ya Azərbaycan daxili istehsalı artıraraq idxaldan asılılığı minimuma endirməlidir, ya da idxal mənbələrini şaxələndirməli, yəni diversifikasiya etməlidir”.

A.Nəsirli onu da qeyd edib ki, son zamanlar Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlərin gərginləşməsi fonunda iqtisadi əlaqələrdə də müəyyən zəifləmə müşahidə olunur.

“Azərbaycanın bəzi məhsulları Rusiya sərhədlərindən geri qaytarılır. Əgər bu gərginlik daha da dərinləşərsə, Rusiya Azərbaycana taxıl ixracını dayandıra bilər. Belə bir halda ölkədə qısa müddətli ərzaq şoku yaşana bilər.

Doğrudur, dünya bazarlarında taxıl bolluğu mövcuddur və Azərbaycan alternativ bazarlardan da taxıl ala bilər. Bu, müəyyən qədər baha başa gəlsə də, mümkündür və strateji baxımdan daha təhlükəsiz seçim ola bilər”.

O həmçinin vurğulayıb ki, bu gün üçün taxıl tədarükündə ciddi bir problem görünməsə də, gələcək risklər mövcuddur:

“Azərbaycanın hazırda təxminən 700-800 min ton taxıl ehtiyatı var ki, bu da təxminən 7-8 ay əhalinin tələbatını qarşılamaq üçün kifayətdir. Lakin psixoloji təsirlər və ictimai ajiotaj yarana bilər.

Buna görə də hesab edirəm ki, Azərbaycan bu riskləri nəzərə alaraq həm daxili istehsalın artırılması, həm də idxalın mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər görməlidir”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur