Biləndə ki, doğum günüdür, səhər saatlarında zəng vurdum ki, təbrik edim, qısa da olsa müsahibə alım.
- "Salam, gününüz aydın olsun, Loğan müəllim" deyib özümü təqdim etdim. Ad gününüz mübarək, istəyirəm qısa bir müsahibə edək, zamanınız varmı?
- Çox sağ olun diqqətiniz, təbrikiniz üçün. Məndən maraqlı adamlar var, doğurdan deyirəm ehtiyac yoxdur. Nəyə lazımdır axı?
-Siz həmişə müsahibə verməkdən qaçırsınız (gülürəm).
- Yox, qaçmıram. Sükan arxasındayam, olar 5 dəqiqədən sonra zəng edim?
-Əlbəttə olar. Gözləyəcəm.
- Ən azı 15 ildir ki, tanıyıram Loğman Kərimovu. Təpədən dırnağa yaradıcı, peşəkar adamı bir dəfə də olsun iddialı, hər işdə özünü öndə göstərməyə çalışan görmədim. Düzü, fikirləşdim ki, zəng etməz, sadəcə xətrimə dəyməmək üçün elə dedi. Amma zəng elədi. Özüdə elə 5 dəqiqə sonra, dediyi kimi...
- Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist, Prezident mükafaçısı Loğman Kərimovun bu gün doğum günüdür.
Publika.az sənətkarı elə öz müsahibəsi ilə təbrik edir.
- Bir daha salam, doğum gününüz mübarək. Özünüzü yeni yaşda necə hiss edirsiniz, Loğman müəllim?
-Mən həmişə özümü əla, yaxşı hiss etmişəm, heç vaxt özümü pis hiss etməmişəm. Şükür edirəm bu günümə, dünənimə. Sabaha da Allah kərimdi (gülür). Cox yaxşıyam. Mən həmişə özümü gümrah hiss edirəm. Çünki yaxşı insanlarla oturub-durururam, enerjili insanlala ünsiyyətdə oluram.
- Bu gün sizi ilk kim təbrik etdi?
-Təbii ki, ilk təbrik ailəmdən gəldi. Dünəndən başlayıblar məni təbrik etməyə. Bu gün səhər də məni evdən qovdular. Dedilər ki, çıx get, rahat hazırlıq görək. Deyirəm ki, bunlara heç bir gərək yoxdur. Dedilər ki, sən get (gülürük).
-Bax elə indi oturmuşam əziz dostumun yanında, kabinetində (Rəşid Behbudov adına Mahnı Teatrının direktoru Kazım Qasımov) qəşəng çay da verib mənə.
-Tort da varmı?
-Tort hələ almayıb, o bilir ki, mən tort yemirəm (gülür).
- Loğman müəllim, neçə yaşınız olur?
- 65-ə keçdim.
- Sizə bir söz deyim, bax mən sizi ən azı 15 ildir ki, tanıyıram, dəfələrlə müsahibə almışam, tədbirlərdə görüşmüşük. Heç dəyişmirsiz, necə varsa, elə qalıbsınız. Bayaq dediniz ha, yaxşı adamlara oturub -dururam, bəlkə elə səbəb budur?
-Bəlkə yox, elədir ki var. Pis adamlar da var, mən çalışmışam həmişə onlardan uzaqda olum. Mənə ondan pis enerji gəlirsə, nə işim var o insanın yanında? Mənə qarşı münasibəti xoş olmayan insanlardan kənara çəkilmişəm daima. Nə onlar mənim üçün var, nə mən onlar üçün ...
-Niyə müsahibə verməkdən qaçırsız?
-Qaçmağına qaçmıram....
- Müşahidə edirəm, siz həmişə arxa planda qalmağa üstünlük verirsiniz. Danışmağa, deməyə həmişə çox sözünüz, işiniz olub. Özünü Azərbaycan mədəniyyətinə həsr edən biri kimi niyə müsahibə verməkdən çəkinirsiniz, danışmağı sevmirsiniz? Adam var, normal bir iş oryata qoya bilmir, amma elə ağız dolusu danışır ki, özünü hər yerdə öndə göstərir. Siz isə həmişə arxa planı seçirsiniz...
-Mən bir az kənarda qalmağı sevirəm. Dövr mənim dövrüm deyil, zaman mənim zamanım deyil. Xalq yazıçısı Elçin, səhv etmirəmsə “Mahmud və Məryəm”də deyir ki, mən gərək min əvvəl doğulardım, ya da min il sonra. Yəni dövrün adamı deyiləm mən .
-Bəs siz nə vaxt doğulmaq istəyərdiniz? Min il əvvəl, ya sonra?
- Min il əvvəl. O vaxt belə qarışıqlıq olmayıb güman ki. Mən bu səhər maşında yol gələ-gələ bilirsiniz nə fikirləşirdim? Deyirdim ki, sosial şəbəkələrin hamısını dünyada, bütün planetdə ləğv etmək lazımdır. İnsanlar bir-biriləri ilə ünsiyyət qursunlar. Oturub telefonda yaxışı, pis işarələr qoymaqla çox şeydən qeri qaldıq.Savaddan da geri qaldıq, kitabdan da geri qaldıq, mədəniyyətdən geri qaldıq. Təkcə biz yox, bütün dünya geridə qaldı. İnsan münasibətləri yox olub. O gün metrodan istifadə etməli oldum. Qatarda müşahidə elədim ki, hamının əlində telefon, başın salıb aşağı... Yenə dərd yarı olardı ki, əhəmiyyətli bir iş görsələr... Boş-boş işlərlə məşğuldurlar. Bir az balans itib elə bil ...
-Gəlin bir az da teatrdan, tamaşalardan danışaq. Hazırda nə işlə məşğulsunuz? Nə kimi yeniliklər var?
-Teatrda vəziyyət yaxşıdır, işlər öz axarında gedir. İki gündən sonra Elçinin “Şekspir”əsərinin məşqlərinə başlayacam. Çoxdan arzu edirdim bu əsəri səhnələşdirim. Onun ardınca İlqar Fəhminin yeni yazdığı bir əsəri var, hələ işıq üzü görməyib, ona quruluş verəcəyik. "Hacı yağışı" adlı maraqlı bir əsərdir. Sonra Ağəddin Babayevin bir uşaq nağılı var. Asif Kəngərlinin narkomaniya ilə bağlı “Bəla “ adlı əsəri var, onlar üzərində işləyəcəm. Yəni iş çoxdur, çox şükür.
Yeri gəlmişkən bu yaxınlarda Şuşa Dövlət Musiqili Dram Teatrı Türkdilli Xalqların Teatr Festivalında iştirak etdi. Çox uğurlu bir səfər oldu. İlyas Əfəndiyevin “Boy çiçəyi” tamaşasını nümayiş etdirdik orda. Tamaşamız ən uğurlu tamaşa oldu. Uğurlu, maraqlı, yaxşı oldu. Alqışlara qarşılandıq.
- Elə səfərdən söz düşmüşkən, qastrol səflərinə gedirmi teatr?
- nazirimiz Adil Kərimli gələndən bütün teatrlar mütləq şəkildə qastrol səfərlərinə gedirlər. Özü də Mədəniyyət Nazirliyinin hesabına. Bütün ehtiyaclar nazirlik tərəfindən qarşılanır. Bu çox uğurlu addımdır. Gedirik, tamaşalarımızı nümayiş etdiririk.
-Adətən, insan öz ad günündə özünə nələrisə diləyir. Loğman Kərimovun özünə arsuzu nədi?
- Mən bütöv Azərbaycanımızın əbədi qorunmasını arzulayıram, istəyirəm.Və bu əbədi qorunmaq öz tərəfimizdən, hər bir vətəndaş tərəfindən olmalıdır. Belə bir söz var, deyirlər, sevmək azdır, sevgini, məhəbbəti qorumaq lazımdır. Biz gərək torpağımızı, inkişafımızı, müstəqilliyimizi, bötövlüyümüzü qoruyaq.
- Tanrı da sizi qorusun, Loğman müəllim. Bir daha təbrik edirik.
Çox sağ olun, mən də sizə təşəkkür edirəm.
Cəmilə Hətəmxanova