İlham Əliyev Gəncə şəhər stadionunun təməlini qoydu
İtə zorakılıq edilməsi ilə bağlı araşdırma aparılır
BŞTİ-yə yeni müdir təyin olundu
Həmin məktəbin direktoru işdən çıxarıldı
Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiyaya qoşulacaq.
Qutb.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
“Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsi səsə qoyularaq bir oxunuşda təsdiqlənib.
Bildirilib ki, “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya” 27 yanvar 2021-ci il tarixində Paris şəhərində imzalanıb.
Sənəd preambula, 22 maddə və keçid müddəalardan ibarətdir.
Konvensiyada Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilatın təsis edilməsi, məqsəd və hədəfləri, funksiyaları, orqanları və s. barədə ətraflı məlumat verilib.
Bu qurum hökumətlərarası təşkilat kimi təsis edilib, məsləhətçi və texniki xarakter daşımaqdadır.
Ümumiyyətlə, Dəniz Naviqasiya Avadanlığı dedikdə ayrı-ayrı gəmilərin naviqasiyasının, dəniz gəmiçiliyinin təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün layihələndirilən və istifadə edilən gəminin xaricində olan cihaz, sistem və ya xidmət başa düşülür.
Təşkilatın məqsədi bu sahədə müvafiq hədəflərə çatmaq üçün dəniz naviqasiya avadanlığının tənzimlənməsi, təchiz edilməsi, texniki baxımı və ya istismarı ilə məşğul olan hökumətlərin və təşkilatların səylərini birləşdirməkdən ibarətdir. Buna müvafiq olaraq təşkilatın özünəməxsus funksiyaları var (məcburi olmayan standart, tövsiyə, təlimat, göstəriş və digər sənədləri hazırlayır və yayır, müvafiq məsələlərə dair məsləhətləşmə və məlumat mübadiləsi mexanizmlərini təmin edir, konfrans, simpozium, seminar və digər tədbirlərin təşkilini həyata keçirir və s.).
Təşkilatın dörd orqanı vardır Baş Assambleya, Şura, Təşkilatın fəaliyyətini dəstəkləmək üçün zəruri komitə və köməkçi orqanlar, Katiblik.Təşkilatın Prezidenti və Vitse-prezidenti kimi vəzifələri var. Baş Assambleya və Şuranın iclaslarına qurumun Prezidenti, o olmadıqda isə Vitse-prezidenti sədrlik edir. Baş Assambleya Təşkilatın əsas qərarverici orqanıdır və quruma aid bütün səlahiyyətlərə malikdir. Baş Assambleyanın müntəzəm iclasları üç ildən bir keçirilir.
Şura Təşkilatın icraedici orqanıdır və qurumun fəaliyyətinə rəhbərlik etməyə məsuldur. Şura ildə bir dəfədən az olmayaraq toplanır.
Komitə və köməkçi orqanlar Təşkilatın məqsədlərinin və hədəflərinin yerinə yetirilməsinə dəstək olmalıdır. Katibliyi təmsil edən Baş katib isə Baş Assambleya və ya Şuranın göstərişlərini nəzərə almaqla Təşkilatın gündəlik fəaliyyətinin təşkili, dövlətlər və beynəlxalq təşkilatlarla müqavilələrin bağlanılması üçün cavabdehdir.
Təşkilatın rəsmi dilləri ərəb, çin, ingilis, fransız, rus və ispan dilləridir.
Üzv dövlətlərdən hər hansı biri Baş katibə yazılı şəkildə müraciət etməklə Konvensiyaya düzəlişlər təklif edə bilər, həmçinin, nəzərdə tutulan çıxma tarixindən ən azı on iki ay əvvəldən müvafiq bildiriş göndərməklə Konvensiyadan çıxa bilər.
Bu Konvensiya səsvermənin keçiriləcəyinə dair ən azı altı ay əvvəldən bildiriş təqdim olunduqdan sonra Baş Assambleyanın iclasında səsvermə yolu ilə ləğv edilə bilər.