Beynəlxalq iqlimşünaslar qrupu belə qənaətə gəlib ki, 2024-cü ildə qlobal yay və orta temperaturun Sakit Okean üzərində hava axınına nəzarət edən “El Nino” iqlim fenomeninin daha da intensivləşməsi ilə yeni rekorda imza atması ehtimalı 90% təşkil edir.
Publika.az xəbər verir ki, alimlərin bu araşdırması “Scientific Reports” elmi jurnalında dərc olunub.
“Bizim hesablamalarımız göstərir ki, “El Nino” bu il mülayim və güclü olarsa, yeni qlobal temperatur rekordları, eləcə də dünyanın bir çox regionlarında rekord yüksək yay temperaturu ehtimalı 90%-i ötür. Bu tendensiya xüsusilə Benqal körfəzi, Cənubi Çin dənizi və Karib dənizinə təsir edəcək, burada təxminən bir il davam edən istilik dalğaları baş verə bilər”, - tədqiqatçılar yazır.
Bu nəticəyə Çin Meteorologiya Elmləri Akademiyasının professoru Çju Konqvenin rəhbərlik etdiyi bir qrup çinli, amerikalı və avropalı klimatoloqlar “El Nino” fenomeninin ötən ilki temperatur rekordlarına necə təsir etdiyini öyrənərkən gəliblər. Bir çox tədqiqatçılar “El Nino”nun 2024-cü ildə daha da güclənəcəyini gözləyir ki, bu da temperaturun artmasını sürətləndirə bilər.
Professor Zhu Konqven və həmkarları bu mülahizələri rəhbər tutaraq, 1880-2023-cü illər arasında Yer kürəsində temperaturun necə dəyişdiyini tədqiq edərək nəticəni “El Nino”nun gücündəki dəyişikliklərlə müqayisə ediblər. Tədqiqatçılar bu məlumatlardan istifadə edərək, “El Nino”nun bütövlükdə Yer kürəsində və müəyyən bölgələrdə temperaturlara necə təsir etdiyini proqnozlaşdıran kompüter modeli yaradıblar.
Onun köməyi ilə aparılan hesablamalar göstərib ki, keçən ilki “El Nino” gücünün davam etməsi və ya bu fenomenin 90% ehtimalla daha da güclənməsi yeni temperatur rekordlarının yaranmasına gətirib çıxaracaq. Xüsusilə, alimlər bu il səthin orta temperaturunun 20-ci əsrin ortalarına nisbətən 1,03-1,2 dərəcə yüksək olacağını proqnozlaşdırırlar ki, bu da xüsusilə Yerin bir çox tropik və ekvatorial bölgələrinə təsir göstərəcək.
Klimatoloqların fikrincə, bunlar Hindistanın və Banqladeşin bir çox cənub bölgələri, Benqal körfəzi sahilləri, Cənubi Çin dənizi, Karib dənizi, həmçinin Afrikanın şərq sahillərində, Alyaska və Cənubi Amerikanın şimal-qərbində yerləşən bir çox bölgəni əhatə edəcək. Bu bölgələrin bəzilərində təxminən 150-250 gün davam edəcək istilik dalğaları baş verəcək ki, bu da həm insan sağlamlığı, həm də yerli flora və faunanın sağ qalması üçün böyük təhlükə yaradacaq.
Cəmilə