Hondurasın keçmiş prezidenti Xuan Orlando Hernandes ABŞ federal məhkəməsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Hernandes cümə günü ABŞ-a kokain idxal etmək üçün sui-qəsddə və pulemyotlar da daxil olmaqla “dağıdıcı qurğulara” sahib olmaqda günahkar bilinib.
Prokurorlar bildiriblər ki, eks-prezident Hondurası, narkotik alverçilərindən rüşvət alaraq “narko-dövlət” kimi idarə edib.
Onu ömürlük həbs cəzası gözləyir.
Ölkənin 55 yaşlı keçmiş prezidenti hər hansı qanun pozuntusunu rədd edir.
Manhetten federal məhkəməsinin münsiflər heyəti iki günlük müşavirədən sonra onu təqsirli bilib.
Hernandes 2014-cü ildən 2022-ci ilə kimi Honduras prezidenti vəzifəsində çalışıb və ardıcıl iki müddətə xidmət edib.
Prezidentlikdən ayrıldıqdan üç ay sonra o, Nyu Yorka ekstradisiya edildi və 2022-ci ilin aprelində ABŞ-da federal ittihamlarla üzləşmək üçün həbs edildi.
Hernandes vaxtilə ABŞ-ın güclü müttəfiqi hesab olunurdu. Onun Hondurasa rəhbərliyi dövründə ölkə ABŞ-dan narkotiklərlə mübarizə üçün 50 milyon dollardan çox yardım, həmçinin milyonlarla dollar əlavə təhlükəsizlik və hərbi yardım alıb.
2019-cu ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp Hernandesə “ABŞ ilə çox yaxından işlədiyinə” görə təşəkkür edib.
Tural