Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Publika.az xəbər verir ki, martın 12-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Martın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd tapança, 5 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 107 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 12-də ümumi çəkisi 19,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,8 kiloqramdan artıq heroin, 9,5 kiloqramdan çox marixuana və 8,3 kiloqrama yaxın tiryək olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.