“Spartak”ın hücumçusu Kvinsi Promes Dubay hava limanında Niderland prokurorluğunun tələbi və ya oyunçunun beynəlxalq axtarışa verilməsi ilə bağlı deyil, yol qəzası səbəbindən saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə insayder İvan Karpov Telegram kanalında yazıb.
Mənbənin sözlərinə görə, Promes qəza keçirib və heç kimin heç nədən xəbəri olmayacağını düşünərək hadisə yerindən qaçıb. Forvard yola düşmək üçün pasport nəzarətindən keçərkən yerli hakimiyyət orqanları tərəfindən saxlanılıb.
Bundan əvvəl məlum olmuşdu ki, Promes “Spartak”la Sankt-Peterburqa uçmağa cəhd edərkən Dubay hava limanında pasport nəzarətində saxlanılıb. Moskva klubunun mətbuat xidməti niderlandlı ilə bağlı vəziyyətin çətin olduğunu bildirib və əlavə şərhlərdən imtina edib.
Fevralın 14-də Niderlandda Promes narkotik qaçaqmalçılığında təqsirli bilinib və əmisi oğlunu bıçaqladığı üçün 7,5 il müddətinə həbs cəzasına məhkum edilib.