Almaniya şirkətləri Azərbaycanın əsas enerji tərəfdaşları sırasına daxil olub.
Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac olunan qazın təxminən 25 faizi Almaniyanın payına düşür.
Qutb.az-ın məlumatına görə, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağaev Berlində “Handelsblatt” qəzetinin təşkil etdiyi qaz konfransında bildirib ki, SOCAR ilə Almaniyanın "Uniper" və SEFE şirkətləri arasında illik 3 milyard kubmetr qaz tədarükünü təmin edən müqavilələr mövcuddur.
"Uniper" ilə müqavilə 31 dekabr 2020-ci ildən qüvvədədir, 25 il müddətinə bağlanıb və ildə 1,5 milyard kubmetr qaz nəzərdə tutur.
SEFE (Securing Energy for Europe) isə 2025-ci ilin iyununda SOCAR-la 10 illik müqavilə imzalayıb. Bu çərçivədə daha 1,5 milyard kubmetr qaz Almaniyaya tədarük olunur. SEFE əvvəllər "Gazprom Germania" adlanırdı və 2022-ci ildə Ukrayna müharibəsindən sonra Almaniya hökuməti tərəfindən milliləşdirilmişdi.
Səfir istisna etməyib ki, SEFE 2028–2029-cu illərdə özəlləşdirildikdən sonra müqavilənin şərtləri yenidən nəzərdən keçirilə bilər.
Hazırda Azərbaycanın qaz müştəriləri sırasında İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Xorvatiya, Serbiya, Sloveniya, Slovakiya, Şimali Makedoniya və Almaniya var. Avropa İttifaqından kənarda isə əsas alıcılar Türkiyə və Gürcüstandır.
Ötən il Azərbaycanın ümumi qaz ixracı 25,3 milyard kubmetr təşkil edib, bunun 13 milyard kubmetri Avropaya gedib. Bu, son iki ildə Avropa istiqamətində 50 faizdən çox artım deməkdir.
Rəsmi Bakı bildirir ki, hazırda 14 ölkə əlavə 14 milyard kubmetr qaz sifariş etsə də, Azərbaycan yalnız uzunmüddətli, ən azı 10 illik müqavilələrə üstünlük verir. Gələcək beş ildə ixracı 8 milyard kubmetr artırmaq planlaşdırılır.