Azərbaycanda səhiyyənin rəqəmsallaşdırılması istiqamətində atılan mühüm addımlardan biri də “Elektron resept” sisteminin tətbiqidir. Bu yenilik həm tibbi xidmətlərin keyfiyyətinin artırılması, həm də dərman təyinatı və təminatında şəffaflığın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Səhiyyə Nazirliyi yanında Rəqəmsal Səhiyyə Mərkəzi Qutb.az-ın sorğusunu cavablandıraraq, "Elektron resept" sisteminin tətbiqinin ölkədə səhiyyənin rəqəmsallaşmasında mühüm mərhələ olduğunu bildirib. Qurumun verdiyi məlumata görə, sistem tibb müəssisələri, apteklər və vətəndaşlar arasında dərman təyinatı və təminatında şəffaf, səmərəli əlaqələrin qurulmasına imkan verir.
Elektron resept sisteminin əsas üstünlükləri arasında tibbi proseslərin sadələşdirilməsi və sürətlənməsi göstərilir. Dərman təyinatı elektron şəkildə aparıldığından kağız sənədlərə ehtiyac qalmır, bu isə vaxt itkisini azaldır. Həmçinin, sistem reseptlərin oxunmazlığı və qeyri-dəqiqliyindən irəli gələn səhvlərin qarşısını alır, təkrar istifadəni mümkünsüz edir və sui-istifadə hallarını aradan qaldırır. Həkim və vətəndaşlar təyin olunan dərmanların istifadəsini sistem üzərindən izləyə bilirlər. Apteklərdə isə yalnız sistemdə aktiv olan reseptlər təqdim olunur ki, bu da qanunsuz dərman satışlarının qarşısını alır. Vətəndaşlar "Reseptim" adlı mobil tətbiq vasitəsilə təyinatlarını istənilən vaxt izləyə bilirlər.
Hazırda keçid mərhələsində olan sistemin tətbiqində müəyyən çətinliklərin olduğu da qeyd edilir.
Mərkəz bəzi tibb müəssisələrinin texniki imkanlarının yetərsizliyi, rəqəmsal bacarıqların fərqli səviyyədə olması və hüquqi tənzimləmələrin yetkin olmamasını əsas çağırışlar kimi göstərir. Buna baxmayaraq, tətbiq mərhələli şəkildə həyata keçirilir, eyni zamanda maarifləndirmə tədbirləri də davam etdirilir. Gələcəkdə isə resept məlumatlarının mərkəzləşdirilməsi, tibbi nəzarətin gücləndirilməsi və səhiyyə planlaşdırmasında effektivliyin artırılması kimi yeniliklər nəzərdə tutulur.
Məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla saytımıza bildirib ki, elektron resept və ümumilikdə rəqəmsal səhiyyə sistemləri yalnız koordinasiyalı, vahid səhiyyə infrastrukturu olan mühitdə effektiv işləyə bilər. Onun sözlərinə görə, hazırda ölkədə bu cür əlaqələndirilmiş sistem mövcud deyil və rayonlarla kəndlərdəki səhiyyə strukturları bir-biri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərmir. Bu isə elektron sistemlərin effektivliyinə mənfi təsir edir:
“Elektron sistemlərin tətbiqi icbari tibbi sığortanın idarə olunması, klinik protokollara əməl olunması və dərman sərfiyyatının izlənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Lakin buna baxmayaraq, bu cür sistemlərə bir neçə dəfə keçid cəhdləri olsa da, hələlik genişmiqyaslı və davamlı şəkildə tətbiq edilməyib”.
Aytac Bəhruzqızı