Azərbaycanın COP29-a hazırlıq səviyyəsi BMT tərəfindən müsbət qiymətləndirilib.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclasında deyib.
S.Nuriyev dövlətimizin başçısının Sərəncamı ilə Təşkilat Komitəsinin tərkibinin daha da genişləndirildiyini, Milli Məclisin deputatlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin təmsilçiliyi ilə inklüzivliyin təmin olunduğunu diqqətə çatdırıb.
Təşkilat Komitəsinin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasındakı çıxışında və “Euronews” televiziyasına müsahibəsində COP29 Sədrliyinin gündəliyinin əsas istiqamətlərini və çərçivəsini müəyyən etdiyini bildirib. S.Nuriyev bu tezislərdə əks olunduğu kimi, xüsusilə neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli yanaşmanın və bu dövlətlərin fəaliyyətlərinin onların ətraf mühit məsələlərinə verdiyi töhfə müqabilində qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Təşkilat Komitəsinin sədri bu günlərdə Azərbaycanın 2020-ci il ilə müqayisədə 2030-cu ilədək metan emissiyalarının həcminin 30 faiz azaldılması hədəfini ehtiva edən “Qlobal Metan Vədi”nə qoşulduğunu bildirib.
Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının artıq təsdiqləndiyini, COP29-un keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlandığını diqqətə çatdıran Təşkilat Komitəsinin sədri hər iki Tədbirlər Planı arasında uzlaşmanın təmin edilməsinin önəmini vurğulayıb.
S.Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi ilə aparılan işlərə toxunaraq, ölkəmizin hazırlıq səviyyəsinin BMT tərəfindən müsbət qiymətləndirildiyini qeyd edib.
Təşkilat Komitəsinin sədri COP29-da Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrlik təcrübəsini və digər beynəlxalq təşkilatlarda fəal təmsil olunmasını nəzərə alaraq, ölkəmizin qlobal Cənub və qlobal Şimal arasında körpü rolunu oynamağa qadir olduğunu və COP29-da qlobal həmrəyliyə və konsensusa nail olunması istiqamətində səylər göstərəcəyini bildirib.
S.Nuriyev, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Azərbaycan və Braziliya arasında COP-la bağlı “Üçlük” mexanizminin yaradılmasının təqdirəlayiq addım olduğunu bildirib.