17.10.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

Milli musiqimiz Romanı fəth etdi - İtaliyada təqdimat

17 okt 2025 18:00
MƏDƏNİYYƏT
ads
Advertisement

Oktyabrın 10-da İtaliyanın Roma şəhərində, Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin Mədəniyyət Mərkəzində “Milli musiqimizin dünyada təbliği” adlı tədbir keçirilib. Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Xan Şuşinski Fondunun və Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Qutb.az milli musiqimizin dünya çapında təbliğinə həsr olunmuş bu tədbirlə bağlı Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva ilə həmsöhbət olub.

O bildirib ki, bu tədbirdə Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri olmuş, hazırda isə İtaliyada yaşayıb fəaliyyət göstərən Mais Nuriyevin rəhbərlik etdiyi italyan rəqqaslardan ibarət qrup çıxış edib.

“Tarda Fikrət Verdiyev, kamançada Elşən Mansurovun müşayiətilə Əməkdar artistlər Sevinc Sarıyeva və Ehtiram Hüseynovun ifasında “Sarı gəlin” mahnısı səsləndirildi. Bu musiqinin sədaları altında Mais Nuriyevin rəhbərlik etdiyi rəqs qrupu Xocalı soyqırımını əks etdirən kompozisiyanı çox yüksək səviyyədə italyan tamaşaçılara təqdim etdi”.

Onun sözlərinə görə, bu, Xan Şuşinski Fondunun İtaliyaya ikinci səfəri olub:

“İtaliyanın, xüsusilə Roma şəhərinin dünya mədəniyyətinin paytaxtlarından biri kimi belə bir tədbirə ev sahibliyi etməsi bizim üçün qürurverici idi. Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi çox möhtəşəm bir binada yerləşir. Səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi də ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri, muğam sənəti və musiqisini uğurla təbliğ edir”.

Müsahibimiz həmçinin vurğulayıb ki, musiqinin dili yoxdur – bu, hər bir insanın ürəyinə yol tapan bir sənətdir:

"Hər xalq öz musiqisi ilə tanınır, musiqi xalqlar arasında bir körpü rolunu oynayır. Biz çox xoşbəxtik ki, muğamlarımız kimi dəyərli bir musiqi irsimiz var. Muğam necə deyərlər, musiqinin əlifbasıdır. Diqqətlə qulaq asdıqda, hər bir gözəl musiqi nümunəsinin muğam ladları üzərində bəstələndiyini görmək mümkündür”.

Bəyimxanım Cavanşirova eyni zamanda sözügedən layihənin “Milli musiqimizin dünyada təbliği” adlandığını bir daha xatırladıb:

”Bu layihə çərçivəsində biz milli geyimlərdə çıxışlar etdik, muğamlarımızı və xalq musiqimizi təqdim etdik. Tədbiri cənab səfirimiz Rəşad Aslanov açıq elan etdi, çıxışında milli musiqimiz və fondumuzun fəaliyyəti haqqında yüksək fikirlər səsləndirdi, həm bizə, həm də agentliyə təşəkkürünü bildirdi. Həmçinin Mədəniyyət Mərkəzinin rəhbəri Günlar Tağızadə də çıxış edərək, fondumuza minnətdarlıq etdi.

Tədbirə İtaliyada fəaliyyət göstərən bir sıra ölkələrin səfirləri, diplomatik korpus nümayəndələri, müxtəlif xalqların təmsilçiləri, orada yaşayan azərbaycanlılar, o cümlədən tələbələr qatılmışdılar.

Hər bir ifa gur alqışlarla qarşılanırdı. Konsert proqramımız əsasən vətənpərvərlik ruhunda tərtib olunmuşdu. Eyni zamanda, dahi bəstəkar Üzeyir Hacıbəylinin 1926-cı ildə bəstələdiyi “Qara göz” mahnısı da səsləndirildi. Maraqlıdır ki, həmin mahnının notlarını Üzeyir bəy ilk dəfə atam – dahi muğam ustadı Xan Şuşinskiyə vermişdi və ilk ifaçısı da elə məhz atam olmuşdu.

Qeyd edim ki, konsert o qədər yüksək səviyyədə keçirildi ki, tamaşaçılar ifalardan doymur, proqram başa çatsa da, təkrar-təkrar yeni ifalar istəyirdilər. Hətta tədbirdən sonra bizə yaxınlaşaraq təşəkkürlərini bildirən çoxsaylı qonaqlar oldu”.

B.Verdiyeva Xan Şuşinski Fondunun milli musiqimizi dünyada təbliğ etmək məqsədilə təsis edildiyini bildirib.

Müsahibimiz onu da deyib ki, 2026-cı il dahi muğam ustadı Xan Şuşinskinin anadan olmasının 125 illik yubileyi, həmçinin onun adını daşıyan Fondun yaradılmasının 15 illiyi ilə əlamətdar olacaq.

“Biz də, təbii ki,  yubiley ilində fəaliyyətimizi daha da genişləndirərək yeni uğurlara imza atmağı və görkəmli sənətkarın irsini layiqincə təbliğ etməyi qarşımıza məqsəd qoymuşuq".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur