Azərbaycanın XIX əsrin sonu XX əsrin əvvəllərində ictimai-siyasi və iqtisadi həyatında önəmli rol oynamış görkəmli şəxsiyyət İsa bəy Hacınskinin həyat və fəaliyyəti ilə bağlı yeni monoqrafiya ictimaiyyətə təqdim olunacaq.
Qutb.az xəbər verir ki, tədbir 21 noyabr 2025-ci il, saat 17:00-da, “Bakı Marriott Hotel Boulevard”ın I mərtəbəsindəki konfrans zalında baş tutacaq.
Təqdimatı keçiriləcək tədqiqat əsəri Nuridə İsmayılzadənin qələmə aldığı “İsa bəy Hacınski. İctimai-siyasi fəaliyyəti və onun Azərbaycan xalqına verdiyi töhfələr” adlı monoqrafiyadır. Kitabda İsa bəy Hacınskinin Bakı şəhər Dumasının millət vəkili, ölkənin ilk azərbaycanlı hakimi, böyük xeyriyyəçi, I gildiyalı tacir və neft milyonçusu kimi çoxşaxəli fəaliyyəti elmi əsaslarla araşdırılır.
Monoqrafiya həmçinin onun Azərbaycanın maarifçilik və xeyriyyəçilik hərəkatındakı yeri, şəhərsalma proseslərinə verdiyi töhfələr və milli iqtisadiyyatın formalaşmasında oynadığı rol haqqında geniş materialları əhatə edir.
Təqdimat mərasimində müəlliflə yanaşı, tarixçi, tədqiqatçı və ictimaiyyət nümayəndələrinin də iştirakı gözlənilir.