ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns yaxın günlərdə Avropada "Mossad" rəhbəri David Barnea və Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə HƏMAS-ın saxladığı israilli girovların azad edilməsi üçün danışıqları davam etdirəcək.
Publika.az xəbər verir ki, bu haqda "The Times of Israel" iki məmura istinadən məlumat yayıb.
Bildirilir ki, yüksək səviyyəli görüş danışıqların kəsilməsindən bəri ilk cəhd olacaq. O vaxt HƏMAS Amerika, Qətər və Misir vasitəçilərinin təklifinə həm ABŞ, həm də İsrail üçün qəbuledilməz olan düzəlişlərlə cavab vermişdi.
Təklifdə altı həftəlik atəşkəs dövründə oğurlanmış 33 qadın, qoca və xəstələrin azad edilməsindən başlayaraq, qalan 128 israilli girovun mərhələli şəkildə azad edilməsi tələb olunurdu.
İkinci mərhələ qalan girovların azad edilməsi və daimi atəşkəs haqqında danışıqların aparılması idi. Üçüncü mərhələ HƏMAS-ın əlində olan girovların cəsədlərinin təhvil verilməsi idi.
ABŞ və İsrail rəsmiləri bildiriblər ki, Misir kəşfiyyatının rəhbəri Abbas Kamelin Avropada keçiriləcək görüşdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil, lakin Qahirə vasitəçilik prosesində iştirak etməyə davam edəcək.
124 nəfərin hələ də HƏMAS-ın girovluğunda olduğunu xatırladan nəşr, onların heç də hamısının sağ olmadığını vurğulayıb.
Adəm Abbaslı