Bu universitetlərdə boş yer qalmayıb
Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirilib.
Qutb.az xəbər verir ki, əvvəlcə teatrın kollektivi, mədəniyyət xadimləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri və Milli Məclisin deputatları binada yaradılan şəraitlə tanış olublar. Teatrın direktor əvəzi Zivər Abbasova qonaqlara aparılan əsaslı təmir işləri, yaradılan müasir infrastruktur və imkanlar barədə məlumat verib.
Bildirilib ki, 3000 kvadratmetrlik teatr binasının yenidənqurma layihəsi çərçivəsində teatr səhnəsi tam müasir standartlara uyğunlaşdırılıb, yeni kiçik səhnə yaradılıb. Səhnə mexanizmləri, işıq və səs sistemləri yenilənib, texniki infrastruktur beynəlxalq teatr təcrübəsinə uyğun qurulub. Tamaşaçı zalı akustik baxımdan təkmilləşdirilib, oturacaqlar və interyer dizaynı funksionallıq və estetik ahəngdarlıq prinsipləri əsasında yenidən formalaşdırılıb. Teatr truppasının səmərəli fəaliyyəti üçün məşq zalları, qrim otaqları, dekorasiya və yeni iki texniki xidmət sahələri yaradılıb, inzibati və yaradıcı heyətin rahat işləməsi üçün bütün zəruri şərait təmin olunub.
Qeyd olunub ki, həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri təkcə fiziki infrastrukturun yenilənməsi deyil, eyni zamanda İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcılıq potensialının gücləndirilməsinə, onun müasir teatr prosesinə tam inteqrasiyasına xidmət edir. Bu yenilənmə teatrın repertuar imkanlarını genişləndirir və milli teatr sənətinin inkişafına təkan verir.
Sonra teatrın truppası ilə görüş keçirilib.
Mədəniyyət naziri Adil Kərimli bildirib ki, bu günün mühüm hadisələrindən biri İrəvan Dövlət Azərbaycan Dram Teatrının əsaslı təmir-bərpa və yenidənqurmadan sonra yenidən fəaliyyətə başlamasıdır. Nazir qeyd edib ki, bu buna teatr təkcə yaradıcı kollektivin fəaliyyəti üçün məkan deyil, eyni zamanda, Azərbaycan teatr ənənəsini, Qərbi Azərbaycan yaddaşını və mədəni irsimizi yaşadan rəmzi bir ünvandır.
Teatrın keçdiyi tarixi yola nəzər salan nazir vurğulayıb ki, bu mədəni ocağın taleyi bölgənin mürəkkəb tarixi-siyasi prosesləri ilə sıx bağlı olub. Müxtəlif dövrlərdə baş verən hadisələr, azərbaycanlı əhaliyə qarşı həyata keçirilmiş köçürülmələr və təzyiqlər teatrın fəaliyyətinə də təsirsiz ötüşməyib.
Nazir əlavə edib ki, bu tarixi dövrü öyrənmək və unutdurmamaq, xüsusilə gənc nəsil üçün vacibdir: "Bu teatrı həm sənət ənənəsini, həm də milli şüuru yaşadıb, qoruyub və təbliğ edib. Teatr illər boyu Azərbaycanın görkəmli müəlliflərinin qələmə aldığı əsərləri səhnəyə gətirərək milli ədəbi-bədii irsin yaşadılmasına xidmət göstərib".
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayıl çıxışında yeni binanın açılışının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu bildirib. O qeyd edib ki, bu gün uzun illərdir gözlənilən və arzulanan bir gündür və onun üçün xüsusi mənəvi dəyər daşıyır. Xalq artisti yaradılan şəraiti Azərbaycan teatrının tarixi ənənələrinə verilən dəyərin göstəricisi kimi qiymətləndirib, 1873-cü ildə Azərbaycanda peşəkar teatrın yaranmasının xalqımızın yüksək mənəviyyatını və intellektual potensialını təsdiqləyən mühüm hadisə olduğunu diqqətə çatdırıb. O xatırladıb ki, İrəvan Dövlət Azərbaycan Teatrı 1882-ci il fevralın 2-də yaranıb və Azərbaycan səhnə sənətinin tarixində xüsusi yer tutur.
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında bildirib ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrı onlar üçün sıradan bir sənət ocağı deyil: 1882-ci ildə yaranan bu sənət ocağı Qərbi Azərbaycandan olan soydaşlarımızın üzləşdiyi tarixi sınaqların canlı yaddaşıdır. O bildirib ki, 1918-1920-ci illərin faciələri, 1948-1953-cü illərin deportasiyası, 1988-ci ildən başlayaraq bu günədək davam edən didərginlik həmin taleyin tərkib hissəsidir.
Əziz Ələkbərli əlavə edib ki, İrəvan teatrı öz yüksəliş dövrünü Ulu Öndərin hakimiyyəti illərində yaşayıb. O diqqətə çatdırıb ki, teatr başqa bir dövlətin ərazisində fəaliyyət göstərsə də, 1978-ci ildə Ulu Öndər İrəvan Teatrını Bakıya qastrol səfərinə dəvət edib, burada tamaşalar təşkil olunub və səfərin yekunu olaraq teatrın yaradıcı heyəti Azərbaycanın fəxri adları ilə təltif ediliblər.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktor əvəzi Zivər Abbasova bildirib ki, yeni binanın istifadəyə verilməsi bütün Azərbaycan ictimaiyyəti tərəfindən rəğbət və məmnuniyyətlə, eyni zamanda minnətdarlıq hissi ilə qarşılanıb. O vurğulayıb ki, İrəvan Teatrının səhnəsi həm Azərbaycan milli dramaturgiyasının, həm də dünya dramaturgiyasının layiqincə təqdim olunacağı, eyni zamanda gənc istedadların yetişəcəyi bir məkan olacaq. Direktor əvəzi onu da qeyd edib ki, İrəvan təkcə bir şəhər adı deyil - bir xalqın yaddaşı, ruhu, ədəbiyyatının və köklərinin rəmzidir.
Çıxışlarda həmçinin binada yaradılan şəraitə və mədəniyyətimizin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.
Görüşün sonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi adından Prezident İlham Əliyevə təbrik və minnətdarlıq müraciəti oxunub.
Qeyd edək ki, azərbaycanlıların tarixən köklü yaşadığı mühüm elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi tanınan İrəvan mahalında 1882-ci ildən etibarən fəaliyyətə başlayan teatr sonrakı dövrlərdə zəngin repertuarında milli ədəbi-bədii fikrin nailiyyətlərinə xüsusi yer verərək tamaşaçıların rəğbətini qazanıb və mədəniyyət salnaməmizə yaddaqalan səhifələr yazıb. Azərbaycanın görkəmli səhnə ustalarından bir çoxunun yaradıcılıq taleyi peşəkar milli teatrımızın ayrılmaz tərkib hissəsinə çevrilən bu qocaman sənət ocağı ilə sıx bağlıdır.