Şimali Amerika Böyük Futbol Liqasının (MLS) “İnter Mayami” klubunun və Argentina milli komandasının hücumçusu Lionel Messi ABŞ Prezidenti Co Baydenin mükafatlandırma mərasimi üçün Ağ Evə gəlməyib.
QÜTB.AZ xəbər verir ki, bu barədə "The USA Today" məlumat yayıb.
Bildirilib ki, mükafatlandırma mərasimi yanvarın 4-ü şənbə günü baş tutub. Messidan başqa qalan 18 laureat mərasimdə iştirak edib və Amerika liderinin əlindən "Azadlıq medalı"nı alıb.
Messi cədvəli və əvvəlki öhdəliklərinə görə mərasimi buraxıb. O, Ağ Evə məktub göndərərək vəziyyəti izah edib və mükafata layiq görüldüyünü və gələcəkdə Baydenlə görüşmək fürsətini səbirsizliklə gözlədiyini qeyd edib.
Qeyd edəkj ki, Bayden futbolçu ilə yanaşı, siyasətçi Hillari Klintonu, modelyer Ralf Lauren, moda jurnalının redaktoru Anna Vintur və aktyor Denzel Vaşinqtonu da mükafatlandırıb.
Xatırladaq ki, ulduz hücumçu dekabrın 11-də Azərbaycana səfər edərək bir sıra tədbirlərdə iştirak edib.
Belə ki, o, komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba ilə birgə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, Heydər Əliyev Mərkəzinə baş çəkərək Azərbaycanın zəngin mədəni irsi ilə tanış olub. Ulduz futbolçu Bakıda, həmçinin Qarabağ atları ilə tanış olub və fanatları ilə görüşüb. Sonuncu tədbirdən əldə edilən vəsait xeyriyyə fonduna bağışlanıb.
Hüseyn İbadlı