Uzunmüddətli axtarışlardan sonra “Bayern” nəhayət yeni baş məşqçisini tapdı. Yeni mövsümdə Almaniya nəhənginin "sükanı arxasında" Vinsent Kompani olacaq.
Publika.az xəbər verir ki, gənc belçikalı mütəxəsəsis məşqçilik karyerasının başlanğıcındadır. Yaxın keçmişdə özü də futbolçu idi. İndi də vaxtilə meydanı bölüşdüyü futbolçunu çalışdıracaq. Təbii ki, söhbət Leroy Sanedən gedir. Alman və belçikalı ikili “Siti”də birlikdə 50 oyun keçirib.
Nə qədər qəribə olsa da, onlar İngiıtərə klubunda birlikdə oynayanda Kompani Saneyə gələcəkdə onun məşqçisi olacağını deyib. Bu barədə Leroy açıqlama verib:
“Siti”də bir yerdə olanda Kompani mənə bir gün məşqçim olacağını söylədi. Mən ona cavab verdim ki, bu baş verməyəcək. Təəssüf ki, bu, oldu (gülür). Tamam, zarafat edirəm.
Çox şadam ki, indi o, bizim məşqçimizdir və belə bir top-klubda çalışa bilər. Bir oyunçu kimi Vinsent mütləq lider idi. Yol göstərən, dominant, sürətli və cəsarətli futbol görmək istəyən biri idi. Hətta futbolçu kimi komanda yoldaşlarından bunu həmişə gözləyirdi. Əgər o, bunu “Bayern”də bizə aşılaya bilsə, onunla çox yaxşı vaxt keçirəcəyik”.
Artıq baş məşqçi statusunda olan Kompani Sane haqqında bunları deyib:
“Mançester Siti”də mən sadəcə kapitan deyildim. Bəlkə də Leroy üçün hər şey əvvəlkindən fərqli olmayacaq. O, çox istedadlı oyunçudur. Mənim işim ondan və hər bir oyunçudan ən yaxşı nəticə əldə etməkdir. Mən heç bir fərq qoymayacağam”.
Belə bir məqamda 2018-ci ilə qayıtmaq olar. Vinsent məşq üsullarını həmin vaxt Leroyda sınaqdan keçirib. “Siti”nin məşqlərinin birində Kompanı ondan sağ ayağı ilə qol vumasını istəyib. Hətta bununla bağlı onunla mərc edib:
- Vinni, sağ ayağımla qol vura bilsəm, səndən nə qazanacağam?
- Vura bilməzsən. 10 dəqiqədir səni izləyirəm, heç qol vurmamısan! Hədəfi vursan, sənə nahar gətirəcəyəm. Heç olmasa hədəfi vur.
Leroy elə ilk cəhddə qol vurdu və Kompanini qucaqlamaq üçün yanına qaçdı. Görünür yeni mövsüm ərzində tez-tez bu görüntünün şahidi olacağıq.
Heybət