ABŞ millisinin keçmiş futbolçusu Aleksi Lalas “İnter Mayami”nin kapitanı Lionel Messini tənqid edib.
QÜTB.AZ xəbər verir ki, o, argentinalı ulduzun Ağ Evdə keçirilən və prezident Co Bayden tərəfindən təqdim edilən “Azadlıq medalı”nın təltif edilmə mərasimində iştirak etməməsini heç də yaxşı qarşılamayıb.
Bayden, Messi də daxil olmaqla 19 nəfəri Amerikanın ən yüksək mülki medalı ilə təltif edib. Ancaq futbolçu mükafatlandırma mərasiminə qatılmayıb. Mətbuatın yazdığına görə, Messi Vaşinqtona getmək əvəzinə Argentinaya keçmiş “Nyuells Old Boys”dakı komanda yoldaşları ilə görüşə gedib.
“Messini bu medalla təltif etmək gülməli və qəribə idi. Amma bu şərəfi qəbul etmisinizsə, Vaşinqtona çatmağın yolunu tapmalısınız”, – deyə Lalas sosial şəbəkədə bildirib.