28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

NATO-ya alternativ gəlir – Rusiya və Çinin məqsədi nədir?

27 iyl 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Əsası 2001-ci ildə qoyulan Şanxay Əməkdaşlıq Təşkilatı - ŞƏT beynəlxalq güc mərkəzinə çevrilməkdədir. Təşkilata yeni üzvlərin qoşulması bu qənaəti gücləndirir. ŞƏT-in son Astana toplantısının nəticələri hələ uzun müddət müzakirə ediləcək. Artıq ŞƏT Qərb və onun qurumlarına alternativ kimi görülür. Qərb və Rusiya mediasında tirajlanan xəbərlərdə və analitik şərhlərdə də xüsusi vurğulanır ki, ŞƏT NATO-ya qarşı güc mərkəzinə, beynəlxalq arenada nüfuzlu oyunçuya çevrilir. ABŞ mediasında yer alan xəbərlərə görə, təşkilatın sammitlərini diqqətdən kənarda qoymaq düzgün deyil. Bildirilir ki, bu sammitlər Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Kreml göstərmək istəyir ki, Qərbin onu izolə etmək planları alt-üst olub. ŞƏT artıq iqtisadi cəhətdən qüdrətlənməkdədir. Təşkilata üzv ölkələrin xarici ticarət dövriyyəsi səkkiz trilyon dolları ötüb ki, bu da qlobal ticarətin dörddə birinə bərabərdir. Təşkilata daxil olan ölkələrin iqtisadiyyatları 4-9 faiz arasında yüksək artım tempi göstərir.

“Şimali Atlantika Alyansının ciddi bir rəqibi var, ona çox ehtiyatla yanaşmaq lazımdır. Bu, ŞƏT-dir”. Bu fikri ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis bildirib. Onun fikrincə, bu ayın əsas hadisəsi Vaşinqtonda keçirilən NATO sammiti deyil, ŞƏT üzvlərinin Astanada keçirilən görüşü oldu. Stavridis hesab edir ki, müəyyən mənada ŞƏT NATO-nun alternativ variantıdır. Keçmiş baş komandan xatırladıb ki, dünya ÜDM-nin 30 faizdən çoxu, Avrasiya qitəsi ərazisinin 80 faizi və dünya əhalisinin 40 faizi Şanxay Əməkdaşlıq Təşkilatının payına düşür. Bu səbəbdən də o, ŞƏT-in inkişafına daha ehtiyatlı yanaşmağı tövsiyə edir. Baxmayaraq ki, təşkilatın müdafiə xərcləri hazırda alyansın ümumi xərclərinin yarısıdır, yəni təxminən 1,2 trilyon dollardır.

Rusiya və Çinin planları

Stavridisin qənaətincə, NATO ŞƏT-in artan təsirinə, iqtisadi və hərbi imkanlarına və ambisiyalarına daha çox diqqət yetirməlidir. Qərb bloku üçün ciddi çağırış Rusiya və Çin arasında əməkdaşlığın davamlı olaraq möhkəmlənməsidir. Əsas narahatlıqlar odur ki, Rusiya və Çin böyük regional gücləri ABŞ-nin rəhbərlik etdiyi dünya nizamından uzaqlaşdırmaq üçün istifadə edə bilər. O, hətta iki ölkənin - Türkiyə və Səudiyyə Ərəbistanının da adını çəkib. Ər-Riyad ŞƏT-in dialoq tərəfdaşıdır və təşkilata tamhüquqlu üzvlük üçün çalışır.

Maraqlıdır ki, bir qədər əvvəl Stavridis NATO-nun gücünün zirvəsində olduğunu və bütün 75 illik tarixində müttəfiqlərinin maksimum birliyini yaşadığını söyləyirdi. “NATO yarananda 12 ölkə var idi, bu gün isə 32 ölkə var. Onlar dünya ÜDM-nin yarısını təşkil edir, üç milyonluq orduları var. Dənizdə 800 iri hərbi gəmimiz, 15 min döyüş təyyarəmiz mövcuddur. Böyük imkanlar var”, - deyə keçmiş baş komandan bildirmişdi. Lakin indi o, fikrini dəyişib və ehtiyatlı olmağa çağırış edir.

“Bu alternativlər olmalıdır”

Amerikalı politoloq, Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi Konstantin Bloxin isə deyir ki, ŞƏT, eləcə də BRİKS, ilk növbədə yeni, çoxqütblü dünya nizamının formalaşması üçün fəaliyyət göstərən institutlardır. Amma onlar hələ NATO-ya alternativə çevrilməyiblər: “Biz çalışmalıyıq ki, bu təşkilatlar inkişaf etsin. Çünki ideal olaraq bu alternativlər olmalıdır”. Ekspert qeyd edir ki, ŞƏT-in və BRİKS-in məqsədi Avrasiya qitəsini Rusiya və Çinin rəhbərliyi altında birləşdirməkdir. Orada heç kim heç kimə təzyiq göstərmir. Bu təşkilatları cəlbedici edən budur. Getdikcə daha çox oyunçunun onlara qoşulmağa çalışması təəccüblü deyil. Amma NATO-da hər şey fərqli şəkildə qurulub. Orada hakimiyyət iyerarxiyasında ən zirvədə qaydaları diktə edən ABŞ dayanır. Aşağıda isə itaət etməli olan digər üzvlər var.

ŞƏT hərəkətə keçir

Artıq ŞƏT konkret hərəkətə də keçir. Məsələn, Çin və Belarus qoşunlarının Belarusun Brest şəhəri yaxınlığında birgə hərbi təlimləri başa çatıb. Kod adı “Eagle Assault” (“Qartal hücumu”) olan bu təlimlər Polşa sərhədindən beş kilometr aralıda keçirilib və müddəti də diqqəti çəkib: 11 gün. Bu təlimləri NATO-nun Vaşinqton toplantısına cavab kimi qiymətləndirmək olar. Belarus-Çin birgə hərbi təlimləri Polşa yaxınlığında keçirildiyinə görə Şimali Atlantika Blokunun ciddi narahatlığına səbəb olub. Siyasi ekspertlər təlimlərin “Qartal hücumu” adlandırılmasına da diqqət çəkiblər. Qartal ABŞ-nin milli simvolu sayılır. Əslində Çin ABŞ və digər NATO ölkələri ilə qarşıdurmada maraqlı deyil. Ancaq Tayvan məsələsinə görə Çinlə Qərb arasında münasibətlər gərginləşib. Rəsmi Pekinə yaxın “Global Times” qəzetində yayımlanan məqalədə Çinlə Belarusun ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşdiyi bildirilib. ("Kaspi" qəzeti)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur