FİFA və UEFA İtaliyanı komandaların beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə hədələyib.
Publika.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.
Məsələ burasındadır ki, “Forza Italia” partiyasının üzvü Cyorcyo Mule liqalara İtaliya Futbol Federasiyasından ayrılaraq tam müstəqillik verən fərman təqdim etməklə ölkənin idman qanunvericiliyinin dəyişdirilməsini təklif edib. A Seriyası federasiyanın ona birbaşa aidiyyəti olan qərarlarına münasibət bildirmək hüququna malik olacaq, futbolçular və klublar isə idman məhkəmələrinə deyil, inzibati məhkəmələrə müraciət edə biləcəklər.
Bu düzəlişdə futbol hakimiyyəti mövcud futbol sisteminin prinsip və dəyərlərinə uyğun gəlməyən idmana dövlət müdaxiləsini görüb. Belə bir düzəliş qüvvəyə minərsə, İtaliya klubları beynəlxalq turnirlərdən kənarlaşdırıla, ölkə Avro-2032-yə ev sahibliyi etmək hüququnu itirə bilər.