Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.
Qütb.az xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.
Ardınca “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib. Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb. Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.
Batut gimnastikası, cüdo, karate, karate WKF, karate kyokuşin, karate aşihara, karate koşıki, kudo, MMA, taekvondo, parataekvondo, paracüdo və stolüstü tennis idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.
Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.