Yanvarın 21-dən 28-dək olan dövrdə Rusiyada toyuq yumurtasının orta pərakəndə satış qiymətləri 1,5 faiz azalaraq 131,62 rubl (10 ədəd) səviyyəsinə düşüb.
Publika.az xəbər verir ki, bunu “Rusprodsoyuz” assosiasiyasının icraçı direktoru Dmitri Vostrikov deyib.
Müqayisə üçün qeyd edək ki, yanvarın 21-nə Rusiyada toyuq yumurtasının orta pərakəndə satış qiyməti 133,63 rubl təşkil edib. "Rusiyada toyuq yumurtası ucuzlaşmağa davam edir" deyə Vostrikov yekunlaşdırıb.
"Rosstat"ın məlumatına görə, Rusiyada toyuq yumurtasının pərakəndə satış qiymətinin azalması yanvarın ortalarına yaxın başlayıb. Belə ki, yanvarın 10-dan 15-dək olan dövrdə bu məhsulların daxili bazarda orta qiyməti 0,2 faiz ucuzlaşıb. Trend ayın ikinci yarısının əvvəlində də davam edib. Yanvarın 16-dan 22-dək yumurtanın qiyməti daha 1,4 faiz ucuzlaşıb.
Belə dinamika bu məhsulların xaricdən idxalının kəskin artması fonunda qeydə alınıb. "Rosselxoznadzor" yanvarın əvvəlindən Rusiyaya ümumilikdə 60,7 milyon yumurta idxal edildiyini bildirib. Əsas ixracatçılar Belarus (54 milyon ədəd), Azərbaycan (4,5 milyon) və Türkiyə (2,2 milyon) olub.
Cəmilə