Sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara hələ də rast gəlinir.
Publika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da eşidilir:
"Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində həm valideynlərlə, həmdə məktəblilərlə tez-tez maarifləndirici tədbirlər keçirilsə də, yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlərə rast gəlinir. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar.
Bir uşağın avtomobil sürmək həvəsi həm özünün, həm də valideynlərinin arzularını yarıda qoya bilər. Belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır və eyni zamanda bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir. Bir daha valideynləri övladlarını nəzarətsiz qoymamağa çağırırıq".