30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Yağışı kommunist, küləyi kapitalist hesab edən İNQİLABÇI

28 fev 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Cəmi 39 il ömür sürmüş argentinalı Ernesto Çe Gevara marksist-inqilabçı və siyasətçi Fidel Kastro ilə birlikdə Kuba inqilab hərəkatının rəhbərlərindən olmuşdur.

Argentinalılar üçün xarakterik müraciət forması olan və “yoldaş”, “dost” mənalarında işlənən adındakı “Çe” hissəciyi ona Kuba partizanları tərəfindən verilmişdir.

Bəli, söhbət adının tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edildiyi 1928-1967-ci illərdə yaşamış, uşaqlığında belə sol meyilli radkial fikiləri ilə seçilən Ernesto Çe Gevaradan gedir.

O, şair, idmançı, fotoqraf, həkim, səyahətçi, həbsxana rəisi, partizan, bank müdiri, nazir, hərbiçi, inqilabçı və siyasətçidir.

Həyatı çox rəngarəng keçmiş bu görkəmli şəxsiyyətin ömür yolu sonralar bir çoxlarının ilham qaynağı və ümid yeri olub.

Ernesto Çe Gevara əksəriyyət tərəfindən daha çox inqilabçı lider kimi tanınır. Halbuki ölənədək astma xəstəliyindən əziyyət çəksə də, onun mükəmməl bir atlet olmasını bəlkə də az adam bilir. Bu xəstəliyi hətta onun həvəskar bir reqbi oyunçusu olmasına belə mane ola bilməmişdir.

Gevaranın digər bir maraq dairəsi şahmat idi. O, hətta atasından şahmat oynamağı öyrəndikdən sonra 12 yaşından etibarən yerli turnirlərə qatılmağa belə başlamışdır.

Yetkinlik dövründə şeirə, xüsusilə də Pablo Nerudanın şeirlərinə maraq salmış bu çoxşaxəli maraq dairəsi olan şəxsiyyət həyatı boyu Latın Amerikasında məşhur şeir yazma sənətinə meyl göstərmişdir.

O, həm də bir çox sahəni əhatə edən mövzularla maraqlanan həvəskar bir oxucu idi. Maraqlandığı kitablar Cek London və Jül Vernin macəralarından, Ziqmund Freydin sınaqlarına və Bertran Rasselin cəmiyyət fəlsəfəsinə dair tezislərinə qədər gedən çıxan geniş diapazonlu bir müxtəliflik göstərirdi.

Yetkinliyinin son dövrlərində fotoqrafiyaya maraq salan Gevara vaxtının böyük bir hissəsini insanları, getdiyi yerləri və arxeoloji bölgələri fotoaparatla çəkməklə keçirirdi.

Tibb təhsili almaq üçün sonralar, daha dəqiq desək, 1948-ci ildə Buenos-Ayres Universitetinə daxil olan Gevara fasilələrlə də olsa davam edən təhsil həyatını 1953-cü ilin martında bitirərək, həmin il iyunun 12-də diplomunu aldı. Lakin tarixi qaynaqlarda onun mütəxəssis həkim ola bilmək üçün lazımi klinika təhsilini tamamlayıb-tamamlamadığı barədə dəqiq məlumat yoxdur. Əgər bu klinika təhsilini tamamlamamışdırsa, o zaman onun tibb həkimi (“doctor en medicina”) deyil, praktikant həkim (“medico”) olması ehtimal edilə bilər.

Tarixdə Gevaranın tələbəlik illərində Latın Amerikasına uzunmüddətli səfərə çıxdığı da bilinir. Bu səfəri ərzində kütlələrin yoxsulluğunu, təzyiqi və gücsüzlükləri yaxından müşahidə edən və marksizmdən təsirlənən bu tanınmış şəxsiyyət Latın Amerikasındakı iqtisadi və ictimai bərabərsizliklərin yeganə həllinin inqilab olduğu qənaətinə gəlmişdir. Səfərləri ona Latın Amerikasına ayrı-ayrı xalqlardan ibarət qarışıq bir quruluş kimi deyil, xilası yalnız qitə miqyasında bir strategiya ilə reallaşa biləcək bütöv bir bədən kimi baxmasını təmin etdi.

1955-ci ilin iyununda Meksikada dostu Niko Lopez vasitəsilə Raul Kastro ilə tanış olan Gevara daha sonra Kuba diktatoru Fulxensio Batistanı devirmək üçün qurulan “26 İyul hərəkatı”na qatıldı. Qrupun həkimi olmasına qərar verilsə də, hərəkatın digər üzvləri ilə birlikdə hərbi təlimlərə qatıldı.

Uzun illər Batista rejiminə qarşı partizan döyüşləri aparan bu cəsur partizan sonralar “doğuşdan Kuba vətəndaşı” elan edildi.

Onun həyatından maraqlı səhifələrdən biri də Kabana həbsxanasına rəis təyin edilməsi olmuşdur. ABŞ-nin nüfuzlu həftəlik jurnalı “Time”a görə buradakı vəzifəsini icra edərkən heç də ədalətli davranmayan bu həbsxana rəisi 2 yanvar 1959-dan 12 iyun 1959-a qədər altı ay boyunca üzərinə götürdüyü həmin vəzifədə ikən Batista rejiminin məmurlarının, BRAC gizli xidmət (Buró de Represión de Actividades Comunistas — Kommunist Hərəkatların Yatırılması Xidməti) mənsublarının, müharibə cinayəti törədənlərin və siyasi müxaliflərin mühakimə olunması və edamından məsul oldu.

Sonralar Milli Torpaq İslahatı İnstitutunda mühüm bir vəzifəyə də təyin edilən Gevara, daha sonralar Kuba Mərkəzi Bankının sədri olub.

Bu mübariz şəxsiyyət 1959-cu ildən etibarən digər ölkələrdəki (Panama, Dominikan Respublikasında) inqilabçı hərəkatlara da yardım etməyə səy göstərmiş, lakin bütün bu inqilablar uğursuzluqla nəticələnmişdir.

1960-cı ildə onu xilaskar missiyasını icra edərkən şahid oluruq. Belə ki, həmin ildə bu üsyankar inqilabçını “La Coubre” silah gəmisinin partlaması zamanı qurbanlara kömək edərkən görürük. Xilasetmə əməliyyatı sırasındakı ikinci partlayışla birlikdə ölənlərin sayı yüzü keçmişdi. Maraqlıdır ki, kubalı fotoqraf Alberto Korda bu partlayışda ölənlərin cənazə mərasimində bu qəhrəman partizanın məşhur fotoşəkilini çəkmişdir. “La Coubre” hadisəsinin təxribat ya da qəza nəticəsimi partladığı hələ də bilinməməkdədir.

Gevara daha sonra Sənaye naziri kimi Kubada sosializmin açıq və qəti bir hala gəlməsinə köməkçi olmuş, ölkənin öndə gələnləri arasında yer almışdır.

1961-ci ildəki “Donuzlar körfəzi” əməliyyatında Gevara döyüşlərə qatılmamış, Fidel Kastronun əmri ilə Kubanın qərbindəki Pinar del Rio əyalətində yerləşən hərbi qüvvələrə rəhbərlik edərək burada aldadıcı manevr xarakteri daşıyan desant qüvvəsini geri oturtmuşdur.

Gevaranın ən qalmaqallı xidmətlərindən biri 1962-ci ilin oktyabrında baş verən Karib böhranına səbəb olmuş Sovet ballistik nüvə raketlərinin Kubaya gətirilməsində əsas rol oynaması olmuşdur.

1964-cü ildə Birləşmiş Millətlər Təkilatında çıxış etmək üçün Kuba heyətinin rəhbəri olaraq Nyu-Yorka gedən Gevara daha sonra CBS televiziya kanalında bazar günləri efirə gedən “Face the Nation” adlı xəbər proqramına çıxdı.

Sonrakı həyatında üç aylıq beynəlxalq gəzintiyə başlayan Gevara bu gəzintisi zamanı Çin Xalq Respublikası, Birləşmiş Ərəb Respublikası (Misir-Suriya), Əlcəzair, Qana, Qvineya, Mali, Dahomey, Konqo-Brazzavil və Tanzaniyanı ziyarət etdi.

Ömrünün sonlarına yaxın cəmiyyət həyatından çəkildi və ardından əsrarəngiz bir şəkildə tamamilə ortadan itdi. Fidel Kastrodan sonra hakimiyyətə gəlməsinə inanılan bir adam olaraq baxıldığı Kubada onun harada olması müəmması 1965-ci ilin ən böyük sirlərindən biri kimi sensasiyan xəbərə çevrildi. Ortadan qeyb olması çoxsaylı şayiələrin yaranmasına səbəb oldu.

Artıq əfsanəyə çevrilməkdə olan bu şəxsiyyətin aqibəti haqqındakı müxtəlif fərziyyələrin və dedi-qoduların təzyiqi ilə Fidel Kastro 16 iyun 1965-ci ildə etdiyi açıqlamada insanların Gevara haqqında məlumat almalarının ancaq Gevara istədiyi zaman mümkün ola biləcəyini söylədi.

Daha sonra Fidel Kastro Gevaranın bir neçə ay əvvəl ona yazdığı tarixsiz məktubu açıqladı. Bu məktubda Gevara Kuba inqilabına bağlılığını təkrarlayır, lakin inqilab yolunda xarici torpaqlarda döyüşmək üçün Kubadan ayrılma niyyətini bildirirdi. Məktubunda “dünyadakı digər xalqlar mənim sadə əməyimə çağırış etdilər” deyərək, “yeni döyüş sahələrində” partizan olaraq döyüşmək üçün ayrılmağa qərar verdiyini bəyan edirdi. Bununla birlikdə, o, hökumət, partiya və ordu sıralarındakı bütün vəzifələrindən istefa etdiyini və ona inqilaba görə təltif üçün verilmiş olan Kuba vətəndaşlığından imtina etdiyini də bildirirdi.

Dörd xarici jurnalistlə verdiyi müsahibə zamanı Kastro yoxa çıxmış inqilabçının harada olduğunu bildiyini, lakin açıqlamayacağını bildirərək, köhnə yoldaşının öldüyünə dair söz-söhbətlərə son nöqtəni qoyaraq Gevaranın sağlamlığının çox yaxşı olduğunu bəyan etdi. Kastronun açıqlamalarına baxmayaraq, 1965-ci ilin sonunda görkəmli inqilab fədakarının aqibəti bir sirr olaraq öz sehrini qorudu, onun hərəkətləri və harada olması barədə iki il boyunca heç bir məlumat olmadı.

Hər bir başlanğıcın bir sonu olduğu kimi həyatı boyu keşməkeşli çətinliklər yaşamış mübariz ruhlu Gevara əfsanəsinin də bir qürubu oldu. Belə ki, o, 9 oktyabr 1967-ci ildə Valleqranda yaxınlığındakı La Higuerada Boliviya ordusunun əlinə düşdü. Son saatlarında yanında olan şahidlərin dediyinə görə o, məhkəməsiz edam edilmişdir.

Sağlığında yazmış olduğu müxtəlif tarixi dövrlərdə başına gələnlərin qələmə alındığı günlükləri bu gün də öz əhəmiyyətini itirməyən Gevaranın aforizmə çevrilmiş kəlamları ilə oxucuları tanış etmək istərdik:

Ac insanların qarnını doyuranda mənə qəhrəman, bunların niyə ac olduğunu soruşanda isə kommunist deyirlər.

Arxamca danışmağa davam et. Çünki qarşıma çıxacaq qədər böyük deyilsən.

Arxasınca getməyə cəsarətin varsa, bütün xəyalların gerçəkləşə bilər.

Aslanların səssiz olduğu yerlərdə quşlar, qartallar at oynadar, amma bilmirlər ki, aslanlar o səssizliyi pozsa, qiyamət qopar.

Ayaqqabılarımın altı deşik idi, üstü həmişə boyalı idi.

Azadlığın ən böyük düşməni öz halından məmnun olan qullardır.

Bəlkə heç nə yolunda getmədi, amma heç nə də məni yolumdan etmədi.

Bir çiçəyi öldürə bilərsiniz, amma baharı əsla.

Bir gün mənim başımı əyilmiş görsən, bil ki başım yerə düşmüş birini qaldırmaq üçün əyilib.

Bir inqilabçı başqasına atılan şilləni öz üzündə hiss edəndir.

Bir şeyi etmək üçün onu çox sevməlisiniz, bir şeyi sevmək üçün isə ona dəlicəsinə inanmalısınız.

Bir yalan hansı məqsəd üçün deyilmiş olursa-olsun, həmişə, ən pis həqiqətdən daha pisdir.

Bura məni öldürməyə gəldiyini bilirəm. Vur qorxaq, onsuz da yalnızca bir adam ödürəcəksən (Ölümündən öncə qatilinə).

Çətin olduğu üçün cəsarət edə bilmədiyimiz şeylər, əslində biz cəsarət edə bilmədiyimiz üçün çətindir.

Dik dur və gülümsə. Qoy niyə güldüyün onları maraqlandırsın.

Dizlərimin üzərində yaşamaqdansa, ayaqlarımın üzərində ölməyi seçərəm.

Döyüşən uduza bilər. Döyüşməyən çoxdan uduzmuşdur.

Döyüşmədən əsir düşməkdənsə, döyüşərək ölmək şərəflidir.

Dünyanın harasında olursa-olsun, haqsız yerə birinin sifətinə atılan şilləni öz sifətində hiss etməyən adamın insanlığından şübhə edərəm!

Düşmənin yoxdusa, həyatda heç müvəffəqiyyətin yoxdur deməkdir.

Əgər hər haqsızlıq qarşısında əsirsizsə, mənim yoldaşımsınız.

Ən pisi bilirsinizmi nədir? Özünə məğlub olmaq, təslim olmaq.

Gerçəkci olaq, imkansızları istəyək.

Gizlədəsi heç nəyin yoxdursa, qorxacaq bir şeyin də yoxdur demək.

Harada bir əzilən xalq vardırsa, oralıyam.

Həqiqi olaq, qeyri-mümkünü istəyək.

Həyat, qorxaqları bağışlamaz.

Həyatda elə seçimlər et ki, qazandıqların itirdiklərinə dəysin.

Həyatda həmişə həqiqətləri müdafiə et! Heç kim tərifləməsə belə, vicdanına hesab verməkdən qurtularsan.

İki şeyə haqqım var: azadlıq və ölüm. Birinə sahib olmasam, o birini istəyərəm, çünki heç kim məni sağ ikən dustaq edə bilməz.

İnqilabçının vəzifəsi inqilab etməkdir.

İnsanın ən böyük səhvi qarşısındakına lazımından artıq dəyər vermək deyil, özünə layiq olduğundan daha az dəyər verməsidir.

İtlərin qardaşlığı aralarına sümük atılana qədər davam edir.

Məğlub olduğun tək döyüş uğrunda döyüşməkdən imtina etdiyindir.

Mən sadəcə Ernesto idim. Sizdə sadəcə biri kimi var olursunuz. Çe olmağı özüm istədim, inansanız siz də olarsınız.

Mənə güc verən zəfərlərim deyil, yaşadığım məğlubiyyətlərimdir.

Mübarizə aparan itirə də bilər, amma mübarizə aparmayan çoxdan itirib.

Nə qədər fərqli olursa-olsun, sənə aid olmayana müdaxilə etmə. Nə qədər bəsit olursa-olsun, sənin olandan heç vaxt əl çəkmə.

Oxuma-yazma bilməyən bir xalqı aldatmaq asandır.

Ölüm haradan və necə gəlirsə-gəlsin… Döyüş şüarlarımız qulaqdan-qulağa yayılacaqsa və silahlarımız əldən-ələ keçəcəksə və başqaları top-tüfəng səsləri ilə, döyüş və zəfər nərələri ilə cənazələrimizə ağı deyəcəklərsə, ölüm xoş gəldi, səfa gəldi…

Ölüm səni aldatmasın. Yaşayanları düşün və alnını qorxusuzca qaldır və düşün ki, kimin yanındasan, haradasan və ən çətin anındakı silahın nədir.

Sevgili dediyin gözəlliyi ilə səni özünə aşiq edən deyil, sənə özün olma şansı verəndir.

Uduzmaqdan qorxma, nəyisə qazanmaq üçün nəyisə itirməlisən. Və unutma uduzanda deyil, geri çəkiləndə məğlub olursan.

“Uğrunda yaşayacaq bir şeyimizin olduğunu, uğrunda öləcək bir şeyimiz olmadan dərk edə bilmərik”- kimi məşhur şüarlar bu gün dünyanın demək olar ki, bütün ölkələrdə dillərdə dolaşır…

Yağıs kommunistdir – hər kəsə bərabər yağar, Külək isə kapitalistdir zəif olanı yıxar.

Yaxşılıq etməyə davam et. Qarşındakı o yaxşılığa layiq olmasa belə, sən o yaxşılığa layiqsən.

Yoxsula gülmədim, zənginliyə etina etmədim, faşistləri sevmədim, əzilənləri döymədim, mən inqilabçı doğuldum, inqilabçı öləcəyəm.

Zəfərə qədər, daima.

(Medianews.az)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur