Paytaxtın mərkəzi küçələrinin birində yerləşən ictimai-iaşə obyektlərindən pul və mobil telefonların oğurlanması barədə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə məlumat daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Kamran Bədirov və qohumu 26 yaşlı Səlim Bədirov müəyyən edilərək saxlanılıblar.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı bankomatlardan birinin qarşısında 91 yaşlı kişinin bank kartından oğurluq edən, əvvəllər məhkum olunmuş 44 yaşlı Elnur Əhmədov saxlanılıb. E.Əhmədov etibardan sui-istifadə edərək bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən ahıl yaşlı şəxsin 650 manatını ələ keçirib, əvəzində isə zərərçəkənə saxta əsginaslar verib.
9-cu PB əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə üzərində odlu silah-sursat saxlayan, əvvəllər məhkum olunmuş Bəxtiyar Cavadov və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Taleh Hümbətov saxlanılıblar. B.Cavadovdan bir ədəd “Makarov” markalı tapança, beş ədəd patron, T.Hümbətovdan isə 1 kiloqram 220 qram heroin, 650 qram marixuana, 120 qram tiryək və 503 qram psixotrop maddə metamfetamin aşkar olunub.
Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.