Donald Tramp ABŞ prezidenti seçilsə belə, NATO Birləşmiş Ştatların “sadiq müttəfiqi” olaraq qalacaq.
Publika.az xəbər verir ki, bunu “France 24” telekanalına müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Güclü NATO-ya sahib olmaq Birləşmiş Ştatların təhlükəsizlik siyasətinə daxildir”, - deyə o, vurğulayıb. Baş katib prezident seçkilərinin nəticələrinin bunu dəyişdirə bilməyəcəyini qeyd edib.
Stoltenberq Ukraynaya yardımın ABŞ Konqresində razılaşdırılacağına ümid etdiyini söyləyib. O, əmindir ki, konqresmenlər davamlı dəstək üçün danışıqlar yolu tapa biləcəklər.
Xatırladaq ki, "Washington Post" Avropa İttifaqı ölkələrinin Donald Trampın 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində mümkün qələbəsindən ciddi qorxduqlarını və bu səbəbdən NATO-ya alternativ yaratmağı düşündüklərini yazmışdı. Nəşr yazıb ki, avropalılar ABŞ-da baş verən daxili siyasi hadisələri dəhşətlə izləyir, hazırkı prezident Co Baydenin zəifliyini görür və Trampın qayıdışından və onun Avropa İttifaqının “Amerika təhlükəsizlik çətiri altında çiçəklənməsinə” icazə vermək hədələrindən qorxurlar.
Cəmilə