Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, 2024 – 2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub.
QÜTB.AZ xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
Qeyd olunub ki, I ixtisas qrupunda 6 ixtisas (Riyaziyyat müəllimliyi, Elektrik və elektronika mühəndisliyi, İnşaat mühəndisliyi, Kompüter mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Mexatronika və robototexnika mühəndisliyi) üzrə Qarabağ Universitetinə ümumilikdə 290 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 475,5 təşkil edib. Sözügedən qrup üzrə Universitetdə ən yüksək nəticə 659,9 balla Riyaziyyat müəllimliyi ixtisasında qeydə alınıb. Olimpiada qalibi olan 1 abituriyent isə Universitetin Elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib.
II ixtisas qrupunda universitetə 7 ixtisas (Beynəlxalq ticarət və logistika, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat, Maliyyə, Menecment, Mühasibat, Turizm işinin təşkili) üzrə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 396,7 təşkil edib. Sözügedən qrup üzrə Universitetdə ən yüksək nəticə 641,7 balla Maliyyə ixtisasında qeydə alınıb. Onu da qeyd edək ki, Universitetdə Maliyyə ixtisası üzrə keçid balı 500,5 olub.
III ixtisas qrupunda 6 ixtisas (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İbtidai sinif müəllimliyi, Xarici dil müəllimliyi (ingilis dili), Beynəlxalq münasibətlər, Hüquqşünaslıq, Tarix) üzrə Qarabağ Universitetinə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 531,3 təşkil edib. Sözügedən qrup üzrə universitetdə ən yüksək nəticə 683,8 balla Hüquqşünaslıq ixtisasında qeydə alınıb.
Qeyd edək ki, universitetdə Hüquqşünaslıq ixtisası üzrə keçid balı 609,4, Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə isə 538,7 olub. IV ixtisas qrupunda 1 ixtisas (Psixologiya) üzrə Qarabağ Universitetinə 30 tələbə qəbul olub. Bu ixtisas üzrə isə tələbələrin orta qəbul balı 470,0 təşkil edib. Ən yüksək nəticə 570,6 bal olub.
Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə qəbul olan 980 tələbənin orta qəbul balı 467,6 təşkil edib.
Xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupunda 7 ixtisas (Musiqi müəllimliyi (fortepiano, violin, klarnet, tar, kamança, saz, nağara, qarmon), Dekorativ tətbiqi sənət (bədii toxuculuq, keramika), Dizayn (interyer dizaynı, qrafik dizayn, geyim dizaynı), İnstrumental ifaçılıq (fortepiano, violin, klarnet), İnstrumental ifaçılıq (tar, kamança, saz, nağara, qarmon), Vokal sənəti (xanəndəlik), Vokal sənəti (milli vokal)) üzrə Qarabağ Universitetinə ümumilikdə 124 tələbə qəbul olub.
Qeyd edək ki, 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində universitetin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.