29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Şuşada “Məhəmməd Füzuli. Zamanın fövqündə” mövzusunda konfrans keçirildi

19 iyl 2024 10:00
GÜNDƏM
ads
Advertisement

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri davam edir.

Publika.az xəbər verir ki, iyulun 19-da poeziya günləri çərçivəsində Şuşa Otel-Konqres Mərkəzində “Məhəmməd Füzuli. Zamanın fövqündə” mövzusunda konfrans keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin moderatorluğu ilə gerçəkləşən konfrans dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə ithaf olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bu konfransın “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində hazırlanmış tədbirlər planına əsasən təşkil edildiyini söyləyib.

“Beş əsrdən çoxdur ki, Məhəmməd Füzulinin poetik nümunələri, hər biri bir kəşf səviyyəsində olan elmi əsərləri Azərbaycan və dünya oxucuları tərəfindən sevilərək oxunur. Füzulinin yazıb-yaratdığı dövrdən əsrlər ötsə də, əsərlərinin cazibəsi ildən-ilə nəinki zəifləmir, əksinə yeni-yeni nəsillər, dəyişən zamanlar içərisində insanlar öz zəka və idraklarının gücü ilə dahi şairin yaradıcılığını fərqli müstəvilərdə dərk edərək dünyagörüşlərinə uyğun halda yenidən mənalandırırlar”, - deyə akademik vurğulayıb.

G.Baxşəliyeva diqqətə çatdırıb ki, böyük şairin 530 illiyi münasibətilə AMEA-da silsilə tədbirlərlə yanaşı, şairin elmi irsinin də öyrənilməsi istiqamətində mühüm işlər görülür.

Akademik dahi Füzulinin dəyərli əsərlərindən, bənzərsiz ədəbi irsindən söz açaraq, son illər rəhbərlik etdiyi institutda bu istiqamətdə aparılan elmi axtarışlardan da danışıb.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli xatırladıb ki, 1994-cü ildə ölkəmizdə böyük bir tarixi və ədəbi hadisə baş verməkdəydi. Belə ki, Məhəmməd Füzulinin 500 illik yubileyi tamam olurdu. “Ölkəmizin taleyi üçün son dərəcə ağır olan həmin illərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ozamankı təbəddülatlı vəziyyətə baxmayaraq, dahi şairin yubileyinin keçirilməsini təxirə salmamış, əksinə Füzulinin yubileyinin həm Azərbaycanda, həm də qonşu ölkələrdə silsilə bayramlar şəklində yüksək səviyyədə qeyd olunmasını təmin etmişdir”, - deyə alim vurğulayıb.

Akademik deyib ki, Ulu Öndər Heydər Əliyev Füzuli yubileyinin keçirilməsinin ölkəmiz üçün mənəvi əhəmiyyətini qeyd edərkən “Respublikamızı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq. Mənə belə gəlir ki, bizdən ötrü bu yubileyin ən böyük nəticəsi bundan ibarətdir” söyləyirdi.

Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair Fərid Hüseyn dahi Füzulinin bənzərsiz söz dünyasından söhbət açıb. Onun yaratdığı ölməz irsin bütün zamanlarda aktuallığını qoruyub saxlayacağını, insanlar tərəfindən sevilərək oxunacağını söyləyib.

Gənc şair bildirib ki, Füzulinin 530 illiyi ilə bağlı müvafiq Sərəncam bütövlükdə ölkəmizdə sözə, şeirə, söz adamlarına verilən ən böyük qiymətin bariz nümunəsidir.

Konfransda mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək deyib ki, tarixi Zəfərdən sonra biz artıq dördüncü dəfədir mədəniyyət paytaxtımız Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi münasibətilə bir araya gəlirik.

“Xoş təsadüfdür ki, bu il Füzulinin 530 illik yubileyi ili də ölkəmizin dünyamiqyaslı tədbirlərə ev sahibliyi etdiyi (COP29) bir dövrə təsadüf edir. Gərək biz bu yubiley ilində də Füzuli ilə bağlı dolğun məlumatları xarici ölkələrin yazar və şairlərinə çatdırmaqla yanaşı, həm də onlara Qarabağ Zəfərimiz, 30 illik işğal dövrünün həqiqətləri barədə bilgilər verək”, - deyə nazir müavini vurğulayıb.

O, Mədəniyyət Nazirliyi tərəfindən Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı keçirilmiş tədbirlərdən danışıb. Diqqətə çatdırıb ki, bu il Milli Kitabxana tərəfindən Məhəmməd Füzuli adlı onlayn məlumat bazası yaradılıb, Xalça Muzeyi tərəfindən Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş sərgi açılıb. Özbəkistanda təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib, şairin özbək dilinə tərcümə olunmuş əsərlərinin təqdimatı olub.

Ölkəmizin iştirak etdiyi beynəlxalq kitab sərgilərində - Dohada, Pekində və digər şəhərlərdə dahi şairin irsi təbliğ olunub, ona aid Azərbaycan stendində xüsusi guşələr yaradılıb.

Nazir müavini deyib: “Ölkəmizin ən böyük kütləvi tədbirlərindən biri olan, bu ilin oktyabrında keçirilməsi planlaşdırılan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi dahi şair Məhəmməd Füzuliyə həsr ediləcək. Eyni zamanda, nazirlik tərəfindən hazırda dahi şairin həyat və yaradıcılığına aid kitablar çapa hazırlanır”.

Sonda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Əməkdar artist Anar Mikayılov və Roza Zeynalova tərəfindən Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərindən kompozisiya təqdim edilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur