Tarixdə təyyarə qəzalarında dünya liderlərinin ölməsi və ya sağ qalması ilə bağlı xeyli sayda hadisələr var. 1936-cı ildən bu yana təyyarə qəzalarında 20 dövlət və hökumət başçısı dünyasını dəyişib.
Publika.az aviasiya qəzalarında dünya liderlərinin ölümü, həmçinin sağ qalması ilə bağlı məlumatları təqdim edir.
1936-cı il dekabrın 9-da həmin vaxt İsveçin baş naziri postunu tutan Arvid Lindman təyyarə qəzasında həlak olub. Londondan Amsterdama uçan "Douglas DC-2" təyyarəsi qatı duman səbəbindən Kroydon hava limanından qalxarkən qəzaya uğrayıb.
7 sentyabr 1940-cı ildə Paraqvay prezidenti, marşal Xose Feliks Estiqarribia təyyarə qəzasında dünyasını dəyişib.
1943-cü il iyulun 4-də Polşa hərbi lideri və dövlət xadimi Vladislav Sikorski təyyarə qəzasında həlak olub. O, 1939-cu ilin sentyabr-oktyabr aylarında ölkənin işğalından sonra mühacirətdə olan Polşa hökumətinin baş naziri vəzifəsində çalışıb. General Vladislav Sikorski, qızı Zofiya və qərargah rəisi Tadeuş Klimeçki "Liberator II AL523" təyyarəsinin havaya qalxmasından 16 saniyə sonra dənizə düşməsi nəticəsində faciəvi şəkildə vəfat ediblər.
1958-ci il iyunun 16-da o vaxt Braziliya prezidenti postunu tutan Nereu Ramos "Cruzeiro Airlines" şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.
29 mart 1959-cu ildə Mərkəzi Afrika Respublikasının prezidenti və respublikada müstəqillik hərəkatının əsas siması olan Bartelemi Boqanda təyyarə qəzasında dünyasını dəyişib.
1961-ci il sentyabrın 18-də Konqoda sülhə vasitəçilik edən BMT-nin o zamankı baş katibi Dag Hammarskjoldun təyyarəsi indiki Zambiyada qəzaya uğrayıb. Qəzada Hammarskjold də daxil olmaqla 16 nəfər həlak olub.
1966-cı il aprelin 13-də İraq prezidenti Əbdülsalam Arif helikopter qəzasında vəfat edib.
27 aprel 1969-cu ildə Boliviya prezidenti Rene Barriendos Ortuño Arke qəsəbəsi (Boliviyanın mərkəzindəki Koçabamba departamenti) yaxınlığında vertolyot qəzası nəticəsində həlak olub.
1977-ci il yanvarın 18-də keçmiş Yuqoslaviya baş naziri Cemal Biediçin içrəsində olduğu "Learjet 25" təyyarəsi Bosniya və Herseqovinanın Kresevo şəhəri yaxınlığında İnac dağına çırpılıb. Qəza nəticəsində baş nazir, həyat yoldaşı və daha 6 nəfər dünyasını dəyişib.
27 may 1979-cu ildə Afrika sammitində iştirak etməli olan Mavritaniyanın baş naziri, polkovnik-leytenant Əhməd Bousseifi daşıyan təyyarə Dakar sahillərində qəzaya uğrayıb.
4 dekabr 1980-ci ildə Portuqaliyanın baş naziri Françesko Karneyro və müdafiə naziri Amaro de Kosta paytaxt Lissabonda rəsmiləri daşıyan təyyarənin havaya qalxdıqdan dərhal sonra qəzaya uğraması nəticəsində həlak olublar.
24 may 1981-ci ildə Ekvador Hərbi Hava Qüvvələrinə məxsus "Beechcraft Super King Air" təyyarəsi dağların yaxınlığındakı təpəyə çırpılıb. Təyyarədə Ekvador prezidenti Xayme Roldos Aqilera, həyat yoldaşı Marta Bukara və Ekvadorun müdafiə naziri Marko Subia Martinez də daxil olmaqla 12 nəfər olub.
1 avqust 1981-ci ildə Panama prezidenti Ömer Torrixos uçduğu kiçik yüngül təyyarənin meşədə qəzaya uğraması nəticəsində ölüb.
19 oktyabr 1986-cı ildə Mbuzini kəndindən (Cənubi Afrikanın şimal-şərq hissəsi) 35 km aralıda Tu-134A-3 sərnişin təyyarəsi Mozambik və Cənubi Afrika sərhədi yaxınlığında yerə çırpılaraq qəzaya uğrayıb. Qəza nəticəsində Mozambik prezidenti Samora Macel, bir neçə nazir və yüksək vəzifəli məmur da daxil olmaqla 33 nəfər həlak olub. Qəzanı araşdıran Cənubi Afrika komissiyasının qənaətinə görə, pilotların səhvi fəlakətə gətirib çıxarıb.
1 iyun 1987-ci ildə Livanın keçmiş baş naziri Rəşid Karami Beyruta uçduğu helikopterdə bomba partlaması nəticəsində həlak olub. Onun oturacağının arxasına yerləşdirilmiş, təxminən 300 qram ağırlığında uzaqdan idarə olunan bomba ordu aerodromundan havaya qalxdıqdan az sonra partlayıb. Ölən isə tək Karami olub. Digərləri xəsarət alaraq xilas olublar.
17 avqust 1988-ci ildə Pakistan Hərbi Hava Qüvvələrinə məxsus "Lockheed C-130 Hercules" nəqliyyat təyyarəsi ölkə prezidenti Məhəmməd Ziya-ül-Həqi daşıyan Bəhavalpur hava limanından qalxdıqdan az sonra İslamabaddan 530 km aralıda qəzaya uğrayıb. Təyyarədəkilərin hamısı həlak olub.
6 aprel 1994-cü ildə Ruandanın Kiqali hava limanı yaxınlığında Ruanda prezidenti Juvenal Habyarimana və Burundi prezidenti Kiprien Ntaryamiranı daşıyan "Dassault Falcon 50" təyyarəsi yer-hava raketi ilə vurulub. Hər iki lider və digər 10 nəfər dünyasını dəyişib.
2004-cü il fevralın 26-da Makedoniya prezidenti Boris Traykovskinin olduğu təyyarə Bosniyanın Mostar şəhəri yaxınlığında qəza edib. Prezident və onun müşavirləri də daxil olmaqla 8 nəfər həlak olub. İki il sonra qəzanın eniş zamanı pilotların səhvi səbəbindən baş verdiyi bildirilib.
2010-cu il aprelin 10-da Varşavadan Smolenskə xüsusi reyslə uçan Polşa Hərbi Hava Qüvvələrinə məxsus Tu-154M sərnişin təyyarəsi Smolensk-Severnı aerodromuna enərkən qəzaya uğrayıb. Təyyarədə Katın qurbanlarının xatirəsinə yas mərasimlərinə gedən Polşa prezidenti Lex Kaçinski, həyat yoldaşı və Polşa siyasi və hərbi elitasının nümayəndələri də daxil olmaqla 96 nəfər olub. Fəlakət qatı dumanda baş verib. Bütün sərnişinlər ölüb.
5 fevral 2024-cü ildə Çilinin keçmiş prezidenti Sebastian Pinera və onu müşayiət edənləri daşıyan "Robinson R 66" helikopteri güclü yağış və qalın duman səbəbindən Los Rios bölgəsində Ranko gölünə düşüb. Üç sərnişin gölə tullanaraq sahilə çata bilib. Keçmiş prezident Pinera təhlükəsizlik kəmərini bağlaya bilmədiyi üçün dünyasını dəyişib.
19 may 2024-cü ildə İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian helikopter qəzasında həlak olublar. Helikopterin qalıqları 15 saat davam edən axtarış-xilasetmə işlərindən sonra aşkar edilib. Ölənlər arasında Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rəhməti, Təbriz imamı Ayətullah Əli Haşim, həmçinin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) iki yüksək vəzifəli məmuru və üç ekipaj üzvü də var.
Dünyasını dəyişənlərlə yanaşı təyyarə qəzalarında sağ qalan dövlət başçıları da az deyil.
1955-ci il aprelin 11-də Çin Xalq Respublikası Dövlət Şurasının keçmiş rəhbəri Çjou Enlay son anda planlarını dəyişərək, "Air India"dan icarəyə götürdüyü təyyarəyə minməyərək sui-qəsd cəhdindən yayına bilib. Bombanın partlaması nəticəsində təyyarə Cənubi Çin dənizinə düşüb, 11 nəfər ölüb, 3 nəfər xilas edilib.
1959-cu il fevralın 17-də Türkiyənin doqquzuncu baş naziri Adnan Menderesi daşıyan təyyarə London Qatvik hava limanından 4,5 kilometr aralıda qatı dumanda eniş edərkən qəzaya uğrayıb. Təyyarə qəzası nəticəsində o vaxt Anadolu Agentliyinin baş direktoru vəzifəsini icra edən Şerif Arzıq da daxil olmaqla, 7 ekipaj üzvü və Menderes sağ qalıb.
1977-ci il fevralın 2-də İordaniyanın keçmiş kraliçası Əliya Bəha əd-Din Tuqan Tafilah şəhərində helikopter qəzasında həlak olub. Tukanın əri Kral Hüseyn bin Talal fəlakətdən sağ çıxıb. Qəza güclü yağış və tufan nəticəsində baş verib.
1994-cü ilin iyununda o zaman Uels şahzadəsi olan İngiltərə kralı III Çarlzın uçduğu təyyarə güclü külək səbəbindən nəzarəti itirib. Təyyarə qəzaya uğrasa da, xəsarət alan olmayıb. Dəyən ziyan isə 1 milyon dolları keçib.