“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə orta və ali təhsil müəssisələrində təhsil alan 30 nəfər şəhid övladı “Yay Məktəbi”ndə iştirak etmək üçün Şimali Kipr Türk Respublikasında (ŞKTR) səfərdədir.
“Qafqazinfo” xəbər verir ki, 15-28 iyul 2024-cü il tarixlərində Şimali Kipr İstanbul Texniki Universiteti və Girne Amerikan Universitetində keçiriləcək “Yay Məktəbi”nin ilk günündə iştirakçılar ŞKTR-nin ilk prezidenti Rauf Denktaşın məzarını ziyarət ediblər.
Daha sonra iştirakçılar Şimali Kipr İstanbul Texniki Universitetinin Karyera İnkişafı Mərkəzində təlimlərə qatılıblar.
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar “Yay Məktəbi”nə qatılan şəhid övladlarını qəbul edib. Görüş zamanı “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bu layihənin təşkil olunmasına göstərilən dəstəyə görə öz təşəkkürünü bildirib.
Ersin Tatar şəhidlərinin övladlarını Şimali Kiprdə qarşılamaqdan qürur duyduqlarını qeyd edib və təşəbbüs üçün təşkilatçılara təşəkkürünü çatdırıb. Görüşün sonunda Prezident Ersin Tatar düşərgə iştirakçıları ilə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, “Yay Məktəbi” “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsində qalib olan “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində “Zəfər” İB ilə ŞKTR nümayəndə heyəti ilə Qarabağda imzalanan əməkdaşlıq protokollarına əsasən həyata keçirilir.