ABŞ kəşfiyyatı Rusiyanın Almaniyanın “Rheinmetall” silah şirkətinin top-menecerinə sui-qəsd planlaşdırdığını üzə çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə CNN ABŞ və Qərb mənbələrinə əsasən məlumat yayıb.
Xəbərdə ABŞ kəşfiyyatının 2024-cü ilin əvvəlində şirkətin baş icraçı direktoru (CEO) Armin Pappergeri hədəf alan sui-qəsdi öyrəndiyi və bununla bağlı Almaniyanın səlahiyyətli şəxslərinə xəbərdarlıq edildiyi bildirilib.
Almaniya hökumətinin adı açıqlanmayan rəsmisi bunu təsdiqləyib. O, xəbərdarlıqdan sonra təhlükəsizlik bölmələrinin Pappergeri qorumaq üçün hərəkətə keçdiyini qeyd edib.
Mənbənin iddiasına görə, şirkətin Ukraynada zirehli maşınlar fabriki açmaqla bağlı son planları Rusiyanı narahat edib.
Qeyd edək ki, Almaniyanın “Rheinmetall” şirkəti Ukrayna üçün mühüm silaha çevrilmiş 155 millimetrlik top mərmilərinin ən böyük istehsalçılarından biridir.
Roza Şəfiyeva