Bildiyimiz kimi, ölkədə qızılca xəstəliyi geniş yayılıb. Virus əvvəlki dövrlərə nisbətən daha ağır formada özünü büruzə verir. Hətta bu xəstəlikdən ölənlərin sayı da günü-gündən artır. Artıq insanlar buna görə narahatlıq keçirir və xəstəlikdən xətərsiz qurtulmaq üçün bütün eşitdikləri, bildikləri üsullara əl atırlar. Virusun qarşısında əlacsız qalan bəzi həkimlər isə xəstələrə eşşək südünü məsləhət görüblər. Onlar bildirib ki, əgər xəstə eşşək südü içərsə səpkilər üzə çıxar və qızdırma dərhal düşər. Bunu eşidən işbazlar isə hərəkətə keçərək, eşşək südünün bir litrinin qiymətini 100 manata qaldırıblar. Hətta bir çox saytlarda da “eşşək südü satılır” deyə, elan paylaşanlar da var. Hələ bu südün həqiqətən də eşşək südü olub-olmadığı da şübhə altındadır.
Doğrudanmı eşşək südü qızılca üçün bu qədər faydalıdır, yoxsa bu da işbazların bir oyunudur?
Məsələ ilə bağlı tanınmış həkim Qalib Əsədovun fikirlərini öyrəndik.
Publika.az-a açıqlama verən həkim bildirdi ki, bu cəfəngiyatdır.
“Bu, heç bir tibbi, elmi məlumatlara əsaslanmayan mənasız fikirdir. İşbazların bir oyunudur. Ümumiyyətlə, virusun dərmanı yoxdur. Virusa təsir edən immun sistemidir. Əsgər eşşək südü virusu öldürsəydi, kommunist vaxtı insanlar niyə bu qədər əziyyət çəkirdi ki? Elə eşşək südü içib sağalardılar, virusun qarşısını alırdılar. Təbabətdən, elmdən xəbəri olmayanlar digərlərini aldatmaqdan ötrü bu tipli məsələləri ortaya atıblar”.
“Eşşək südünün öskürəyə necə təsiri var?” - sualına isə həkimin cavabı belə oldu:
“Öskürəyin müxtəlif növləri var. Quru öskürək, uğuldayıcı öskürək, bəlğəmli öskürək və s. Südün heç bir fərqi yoxdur. İnək südü olsun, keçi südü, qoyun südü, at südü. Hamısı məməli heyvanların südüdür. Hansındasa xüsusi xassələr yoxdur”.
Həkim onu da vurğuladı ki, "Ögey ana" filmində o tipli adamları lağa qoyurdular, 21-ci əsrə gəlmişik, yenə də elə şəxslərlə qarşılaşırıq:
"Yadınızdadırmı, Nəsibə Zeynalovanın yaratdığı bir obraz vardı. Orada deyirdi ki, “bu dərmanlardansa bir baş sarımsaq kötüyünü eşşək südündə qaynat iç".
İndi 21-ci əsrdə yaşasaq da, həmin mövzu yenə də aktuallığını itirməyib. Doğurdanmı biz heç dəyişmirik, inkişaf etmək istəmirik?"
Gülnar Süleymanova