Rusiya Prezidenti Vladimir Putin ən azı daha iki müddətə ölkənin ən ali kürsüsündə oturmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bunu ukraynalı politoloq Aleksandr Morozov deyib.
Onun sözlərinə görə, Rusiya əhalisi də Putin və onun Ukraynada apardığı müharibədən narazı deyil:
“Rusiyada vətəndaş cəmiyyəti yoxdur, əhali və ya sosial qruplar var. Onlar hansısa formada Putinin müharibəsindən faydalanırlar. Əlbəttə, nələrisə itirirlər, amma sadiqdirlər, gələcəkdə də belə olmağa hazırdırlar. Başqa sözlə, Putinin əhalisinin hər şeyə hazır olması fundamental faktordur”.
Eyni zamanda Morozov qeyd edib ki, Putin istənilən hallarda Rusiyanı idarə etmək modelini çoxdan qurub. Ekspert Kremlin hazırda Ukraynanın işğal olunmuş ərazilərində də bu modeli tətbiq etediyini bildirib.
"Çox böyük bürokratik təbəqə var. Bəli, müharibə zamanı, bu iki il ərzində Putin Kiriyenkonun (Rusiya hökumətinin keçmiş rəhbəri Sergey Kiriyenko - red.) aparatı ilə birlikdə hazırladığı bürokratiya ilə əl-ələ verib. Kreml bürokratiya təlimi proqramlarını gücləndirib. Yeri gəlmişkən, indi Kreml bu modelləri işğal olunmuş ərazilərdə çox fəal şəkildə sınaqdan keçirir. Kiriyenko və təkcə o yox, böyük Moskva elitası işğal olunmuş ərazilərdə işləyir, orada öz bürokratiyası və idarəetmə aparatını qururlar”, - Morozov vurğulayıb.
Onun fikrincə, bu proses uzun müddətə hesablanıb:
"Putin bizə başa salır ki, növbəti bir yox, iki müddətə gedir, yəni 2030-cu ilə qədər deyil, 2036-cı ilə qədər plan hazırlayır. Qarşıdakı vəziyyəti belə görür. Bütün bunlara nail olacağını deyə bilmərik, çünki orada proqnozlaşdıra bilməyəcəyimiz bir çox amillər var, amm Kreml bu yolu planlaşdırır”. (Teleqraf.com)