ABŞ Rusiya prezidenti Vladimir Putinin münaqişənin dondurulması üçün Ukraynada atəşkəs təklifini rədd edib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” hər iki tərəfin vasitəçilərinin müzakirələri ilə tanış olan üç rus mənbəsinə istinadən məlumat yayıb.
Agentliyin yazdığı kimi, danışıqların uğursuzluğu dünyanın iki ən böyük nüvə dövlətinin bir-birindən nə qədər uzaqda qaldığını göstərir.
Eyni zamanda, amerikalı mənbə hər hansı qeyri-rəsmi təmaslar barədə məlumatları təkzib edir və Vaşinqtonun Kiyevin iştirakı olmadan danışıqlar aparmayacağını bildirir.
Rusiya mənbələri bildiriblər ki, 2023-cü ildə Putin Moskvanın Yaxın Şərqdəki ərəb tərəfdaşları da daxil olmaqla, vasitəçilər sayəsində açıq və özəl şəkildə Vaşinqtona Ukraynada atəşkəs barədə düşünməyə hazır olduğunu göstərib.
Agentliyin həmsöhbətləri bildiriblər ki, Putin indiki xətt üzrə münaqişənin dondurulmasını təklif edib və Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinin qaytarmaq istəməyib.
Anonimlik şərti ilə 2023-cü ilin sonu və 2024-cü ilin əvvəllərindəki müzakirələrlə tanış olan yüksək rütbəli Rusiya rəsmisi “Amerikalılarla əlaqə heç bir nəticə verməyib” deyib.
Əlaqələrdən xəbəri olan ikinci rus mənbəsi “Reuters” agentliyinə bildirib ki, amerikalılar Moskvaya Ukraynanın iştirakı olmadan mümkün atəşkəsi müzakirə etməyəcəklərini deyiblər və bu səbəbdən də danışıqlar uğursuzluqla başa çatıb.
“Reuters” qeyd edir ki, danışıqların miqyası və onların uğursuzluğu barədə əvvəllər məlumat verilməyib.
Kreml, Ağ Ev, Dövlət Departamenti və MKİ şərh verməkdən imtina edib.
Tural