2040-cı ilədək gözlənilən əhali artımını nəzərə alaraq, qəbiristanlıq ərazilərin təqribən 130 ha genişləndirilməsi və şəhər üzrə qəbiristanlıqların ümumi sahəsinin təqribən 832 hektara çatdırılması tələb olunacaq.
Publika.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, qəbiristanlıqlar üçün ayrılmalı ərazi sahəsi ilə bağlı qiymətləndirmələr beynəlxalq normalar üzrə adambaşına qəbul edilən sahəyə əsaslanır. Bu standartların qiymətləndirilməsi yerli normalarla beynəlxalq normalar arasında fərqin çox kiçik olduğunu göstərir. Qəbiristanlıqlar üçün sahə, bir qayda olaraq, adambaşına 2,4 m2 qəbul edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qeyd edilən normalarla uyğunluq təşkil edir. Baş Plan çərçivəsində əhalinin hər 1000 nəfərinə 0,24 ha qəbiristanlıq sahəsi qəbul edilib.
Hazırda Bakı şəhərinin inzibati hüdudları daxilində qəbiristanlıqlar təqribən 800 ha ərazini əhatə edir. Bundan təqribən 702 ha aktiv qəbiristanlıq və ya xiyabanlar kimi istifadə olunur. Yerdə qalan təqribən 98 ha qəbiristanlıq ərazi aktiv istifadə olunmur və ehtiyat kimi nəzərdə tutulur.
2040-cı ilədək gözlənilən əhali artımını nəzərə alaraq, qəbiristanlıq ərazilərin təqribən 130 ha genişləndirilməsi və şəhər üzrə qəbiristanlıqların ümumi sahəsinin təqribən 832 hektara çatdırılması tələb olunacaq. Mövcud qəbiristanlıqlarda fəal istifadə olunmayan ərazilərin olduğunu nəzərə alaraq, növbəti iyirmi ilin tələbatını qarşılamaq üçün hazırki qəbiristanlıqların sahəsinin təqribən 32 ha genişləndirilməsi tələb olunacaq. Bununla yanaşı, uzunmüddətli perspektivdə qəbiristanlıqlar üçün kifayət qədər sahənin nəzərdə tutulmasını təmin etmək üçün Bakı şəhərinin Baş Planı çərçivəsində qəbiristanlıqların genişləndirilməsi üçün müvafiq sahələr müəyyən edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən qəbiristanlıqların torpaq sahələri ən azı 300 m-lik sanitariya-mühafizə zonası nəzərdə tutulmaq şərtilə ayrılır. Bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra sanitariya-mühafizə zonasının eni Səhiyyə Nazirliyinin rəyi əsasında 100 m-dək azaldıla bilər.