Prezidentlə və xanımı "Xarıbülbül" festivalının açlışında
Nikol Paşinyan Ermənistanın son illərdəki ən mübahisəli və eyni zamanda ən tanınmış siyasi fiqurlarından biridir. O, siyasətə jurnalist və vətəndaş fəalı kimi daxil olub. 2018-ci ildə baş verən “Məxməri inqilab” zamanı xalqı arxasınca apararaq Serj Sarkisyanın istefasına nail olub.
N.Paşinyan Ermənistanda güclü populist ritorikası və xalqla emosional təmas qurmaq bacarığı olan lider kimi tanınıb.
O, postsovet məkanında Qərbyönümlü siyasət yürütməyə çalışan azsaylı dövlət rəhbərlərindəndir. Rusiya ilə ənənəvi ittifaq və təhlükəsizlik asılılığı fonunda Qərbə meyl etmək Paşinyanı mürəkkəb geosiyasi dilemma qarşısında qoyub. O, həm Rusiyanın dəstəyini saxlamağa, həm də Avropa və ABŞ-a yaxınlaşmağa çalışır.
2020-ci ildə İkinci Qarabağ müharibəsindəki məğlubiyyət Paşinyanın liderlik qabiliyyətinə ciddi zərbə vurdu. Ermənistan cəmiyyətinin bir hissəsi onu uğursuz və səriştəsiz baş nazir hesab edir. Siyasi rəqibləri xalqı Paşinyanın üstünə qısqırtmaq üçün onu türklərə və azərbaycanlılara işləməkdə suçlayır, "türk casusu", "xain", "satqın" adlandırırlar. Digərləri isə ölkədəki vəziyyətin əvvəlki hakimiyyətlərdən miras qaldığını düşünürək, onu dəstəkləyirlər.
Hazırkı baş nazir daxili siyasətdə çevik və cəld addımlar atsa da, regional və təhlükəsizlik siyasətində bəzən qeyri-müəyyən və ziddiyyətli qərarlar verir.
Nikol Paşinyan seçki kampaniyalarında istifadə etdiyi ritorika və danışıq tərzi (məsələn, “siz hamınız baş nazirsiniz”, “keçmiş rejimin günahıdır” və s.) vasitəsilə xalqla dərindən əlaqə yaratmaq bacarığı nümayiş etdirib.
Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün müxtəlif yollara əl atır. Bu, həm daxili siyasi rəqabəti minimallaşdırmaq, həm də seçki öncəsi narazılıqları azaltmaq üçün görülən hiyləgər taktika kimi qiymətləndirilir.
Bəzi təhlilçilər Paşinyanı xalqın panik vəziyyətini istifadə edən çoxmanevrli siyasətçi kimi görürlər. Başqa sözlə o, vəziyyətdən çıxmaq üçün hiyləgərlik bacarığına malikdir.
Onun baş nazir kimi fəaliyyəti geniş ictimaiyyətin diqqətini çəksə də, şəxsi həyatı, xüsusilə də valideynləri barədə məlumatlar nisbətən az bilinir.
Qutb.az saytı "Liderlərin valideynləri" rubrikasında bu dəfə Nikol Paşinyanın ata-anasından bəhs edir.
Bu yazımızda Nikol Paşinyanın kimdən törədiyi, hansı ailədə böyüdüyü və valideynlərinin həyatı barədə bəzi faktlara nəzər salacağıq.
Nikol Paşinyanın atası Vova Paşinyan Sovet dövrünün tipik ziyalılarından biri olub. O, Ermənistanın İcevan şəhərində doğulub. Vova Paşinyan ixtisasca idman müəllimi idi və yerli cəmiyyət arasında nüfuz sahibi sayılırdı.
O, uzun müddət İcavendakı 1 nömrəli orta məktəbdə bədən tərbiyəsi müəllimi kimi fəaliyyət göstərib. Vova Paşinyanın şagirdlər arasında sonradan müxtəlif sahələrdə tanınan insanlar olub.
Erməni mənbələrində qeyd olunur ki, Vova Paşinyan sadə həyat tərzinə malik, açıq fikirli və millətçi düşüncələrə sahib bir insan kimi tanınırdı. Oğlunun jurnalistika və siyasət sahəsinə olan marağını kiçik yaşlarından dəstəkləyib.
Nikol Paşinyanın anası Svetik Ovanesyan evdar qadın olub. Tanıyanlar onu ailəsinə və övladlarına bağlı insan kimi xatırlayır. Haqqında mediada çox az məlumat olsa da, bəzi yerli mənbələrdən əldə edilən bilgilərə əsasən, Svetik Ovanesyan təmkinli, sakit təbiətli və övladlarının təhsilinə xüsusi diqqət ayıran qadın olub.
Svetik Ovanesyan 1987-ci ildə, Nikolun 12 yaşı olanda xəstəlikdən vəfat edib. Bu səbəbdən ailə başçısı Vova Paşinyan ikinci dəfə evlənib.
12 yaşında anadan yetim qalan Nikolu və qardaşlarını ögey anası Yercanik Çibuxçyan böyüdüb.
Nikol Paşinyan 1975-ci ildə İcevan şəhərində dünyaya gəlib. Ona İkinci Dünya müharibəsində həlak olmuş ata babasının adı verilib.
Ailədə demokratik bir tərbiyə sistemi mövcud olub. Onun valideynləri, xüsusilə atası oğlunun sərbəst düşünmə qabiliyyətini inkişaf etdirməyə çalışıb. Paşinyanlar ailəsində kitablara, tarixə və siyasətə böyük maraq göstərilib. Bu da Nikolun gələcəkdə jurnalist və siyasətçi kimi formalaşmasına ciddi təsir edib.
Nikol Paşinyan müsahibələrinin birində valideynləri ilə bağlı bunları deyib:
“Atam mənə dürüst olmağı, fikirlərimi açıq deməyi öyrətdi. Anam isə səbirli olmağı və insanlara hörmətlə yanaşmağı təlqin edirdi”.
Bu ifadələrdən də görmək olur ki, Paşinyanın şəxsiyyətində valideyn tərbiyəsinin rolu az deyil.
Paşinyanın özündən böyük iki böyük qardaşı var - Armen və Artak. Yeri gəlmişkən, Nikol orduda xidmət etməyib, ondan əvvəl böyük qardaşları əsgərlikdə olublar - Azərbaycanla müharibədə iştirak ediblər. Ermənistan qanunlarına görə, ailədə iki qardaş müharibədə iştirak edibsə, üçüncü qardaş bu öhdəlikdən – hərbi xidmət keçməkdən azaddır.
Nikol Paşinyan İcevandakı 1 saylı orta məktəbi bitirib.
Paşinyana orta məktəbdə dərs demiş adını açıqlamayan müəllimlərdən biri “Hraparak” qəzetinə onun dəcəlliklərindən danışıb. Bildirib ki, Nikol məktəb illərində müəllimlərinə ciddi problemlər yaradırmış.
“Tez-tez dərsdən qaçardı, bütün məktəbə bəla idi və iş o yerə çatdı ki, atası, məktəbdə bədən tərbiyəsi müəllimi işləyən Vova Paşinyan onu hamının gözü qarşısında döydü. Başqa sözlə desək, o, yeniyetməlik illərindən problem çıxarmaq, fitnə-fəsad törətməklə xarakterizə olunurdu”, - müəllim deyib.
Nikol 1991-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika ixtisasına daxil olub. Tələbəlik illərində "Dprutyun", "Hayastan", "Lragir", "Lragir or", "Molorak" qəzetlərilə əməkdaşlıq edib.
Beşinci kursda Nikol universitetdən qovulub - özü bunu siyasi səbəblərlə əlaqələndirir.
“Hraparak” qəzeti yazır ki, Nikol tələbəlik illərdində işlədiyi qəzetlərdə universitetinə, müəllimlərinə, müxtəlif məmurlara qarşı o qədər yazılar yazıb ki, 5-ci kursda təhsilini yarımçıq qoymağa məcbur olub. Çünki onu İrəvan Dövlət Universitetindən xaric ediblər,
“Jurnalistika fakültəsinin dekanı, özü də icevanlı (Nikolun həmyerlisi-red.) olan Qarnik Ananyan onun haqqında həmişə pis danışırdı. Paşinyan təkcə dekan haqqında deyil, onun bacısı, İcevan vilayət komitəsinin katibi Cemma Ananyan haqqında da yazılar yazıb. Bir tərəfdən dərsə getmirdi, bir tərəfdən də konflikt yaradırdı, fakültə dekanı 5-ci kursda onu universitetdən xaric etmək qərarına gəldi. Bundan sonra o, ciddi şəkildə jurnalistika ilə məşğul olmağa başladı, “Planet” qəzetində çalışdı, sonra oradan ayrıldı, “Oragir”, daha sonra isə “Haykakan Jamanak” qəzetlərini açdı”, - baş nazirin keçmiş müəllimi deyib.
N.Paşinyan 1998-ci ildə müxalif “Oragir” nəşrinin təsisçisi və baş redaktoru olub. O, böhtan atma və işgüzar nüfuzun pozulması ittihamı ilə bir neçə cinayət işində müttəhim olub. Nikol Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı fəal şəkildə dəstəkləyib və ikinci prezident Robert Köçəryanı, müdafiə naziri Serj Sarkisyanı (sonradan baş nazir, ardınca isə ölkə prezidenti olub-red.) və onların müttəfiqlərini kəskin tənqid edib, onları “Qarabağ klanı” adlandırıb.
“Oragir” qəzeti 1999-cu ildə məhkəmə qərarı ilə fəaliyyətini dayandırıb.
1999-cu ildə Nikol Paşinyan gündəlik "Haykakan Jamanak" (“Ermənistan vaxtı”) qəzetini yaradıb, 2012-ci ilə qədər ona rəhbərlik edib. Daha sonra baş redaktor vəzifəsini onun həyat yoldaşı Anna Akopyan tutub.
2004-cü ilin noyabrında Paşinyanın “Niva”sı İrəvanın mərkəzində - “Haykakan Jamanak” qəzetinin redaksiyasının yanında partladılıb. Həmin vaxt maşında heç kim olmayıb. Nikol Paşinyan hadisəni sui-qəsd cəhdi kimi qiymətləndirib və biznesmen Qaqik Tsarukyanı ittiham edib.
Nikol Paşinyan 2006-cı ildən siyasətə qoşulub. Əvvəlcə “Alternativ” təşəbbüsünü yaradanlardan biri olub, daha sonra “İmpeçment” siyasi blokunu təşkil edib və onun rəhbəri olub. Partiya birliyinin əsas məqsədi baş nazirin və prezidentin istefasını tələb etmək idi.
2008-ci ilin prezident seçkilərində Nikol Paşinyan ikinci yeri tutan namizəd Levon Ter-Petrosyanın qərargahında çalışıb. Seçkilərdən sonra müxalifətçilər İrəvanın mərkəzində mitinqlər təşkil ediblər. Nəticədə polislə toqquşma baş verib, ölənlər olub. Bu hadisələrdə fəal iştirak edən Paşinyan kütləvi iğtişaşların təşkilində ittiham olunaraq saxlanılıb. O, məhkəmənin çıxardığı 7 illik həbs cəzasının 2 ilini türmədə keçirib və 2011-ci ilin mayında amnistiyaya əsasən azadlığa çıxıb.
Azadlığa çıxandan sonra Nikol Paşinyan yenidən siyasətə qayıdıb. 2012-ci ilin mayında Erməni Milli Konqresindən parlamentə deputat seçilib. Bir il sonra Nikol Paşinyan bu siyasi təşkilatı tərk edib. 2015-ci ildə isə “Mülki müqavilə” partiyasını təsis edib. 2017-ci ildə yenidən deputat seçilib.
Siyasətçi 2017-ci ilin mayında İrəvan meri vəzifəsinə namizədliyini irəli sürüb. Lakin uduzaraq ikinci yeri tuta bilib.
Nikol Paşinyan dayanmaq fikrində deyildi. O, 2018-ci il martın 31-də o zaman baş nazir təyin olunması gözlənilən Serj Sarkisyana qarşı “Mənim addımım” adlı yürüş təşkil edib. Yürüş Gümrü şəhərində başlayıb və 14 gün sonra İrəvanın Azadlıq meydanında başa çatıb, burada aksiyaya çevrilib və iştirakçılar ölkədə “Məxməri inqilab”ın başlandığını elan ediblər. Apreldə Sarkisyan yenidən Ermənistan hökumətinin başçısı təyin edilib, lakin etirazlar fonunda baş nazir aprelin 23-də istefa verib. Əvəzində Paşinyan tərəfdarları onun baş nazir postuna namizədliyini irəli sürüb və növbədənkənar parlament seçkilərinin keçirilməsində israr ediblər.
2018-ci ildəki aksiyalarda Nikolun valideynləri – Vova Paşinyan və Yercanik Çibuxçyan da iştirak edərək oğlanlarını dəstəkləyiblər.
2018-ci ilin may ayında Ermənistan parlamenti Nikol Paşinyanı hökumət başçısı postuna təsdiqləyib. Qələbə qazanan Paşinyan tezliklə növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə söz verib. Bu məqsədlə oktyabrın 16-da o, rəsmən istefa verib və dekabrın 9-da keçirilən səsvermədən sonra Nikol Vovayeviç rəsmi olaraq yenidən hökumətə rəhbərlik edib.
2018-ci ilin mayında Nikolun atası Vova Paşinyan 81 yaşında vəfat edib. O, uzun sürən xəstəlik səbəbindən – xərçəngdən dünyasını dəyişib.
Baş nazir seçilən Nikol Paşinyanın daxili siyasətinin əsas prioritetlərindən biri korrupsiyaya qarşı mübarizədir. O, hakimiyyətə gəldikdən sonra ölkədə Daxili İşlər Nazirliyi, Vergilər Xidməti və digər dövlət qurumlarında ciddi təmizləmələr aparılıb.
Paşinyanın dövründə kiçik biznesin vergi yükünün azaldılması, nazirlik və idarələrin sayının ixtisarı, habelə xarici investorlar üçün güzəştlərin tətbiq edilməsi həyata keçirilib.
Nikol Paşinyan karyerasının əvvəlində Qarabağla bağlı sərt siyasət yürüdürdü və işğal olunmuş torpaqları Azərbaycana qaytarmaq fikrində deyildi. Lakin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra siyasətçi bu problemə münasibətini dəyişməli oldu və Qarabağı Azərbaycanın ərazisi kimi tanıdı.
Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra rəqiblərinin təzyiqlə üzləşən N.Paşinyan 2021-ci ilin yazında yeni parlament seçkiləri elan edib və rəsmən istefa verib. Həmin ilin yayında onun “Mülki müqavilə” partiyası 54% səs toplayaraq yenə də rəqiblərini üstələyib. Bu onu göstərdi ki, vətəndaşlar hələ də Paşinyanın siyasətinə inanırlar.
Erməni mənbələri qeyd edir ki, Nikol Paşinyanın valideynləri o, baş nazir seçiləndən sonra da İcevanda sadə bir evdə yaşayıblar. Yalnız ərinin ölümündən sonra Yercanik Çibuxçyan paytaxta köçməli olub.
Paşinyana 12 yaşından analıq edən Yercanik Çibuxçyanın mediaya açıqlamasında Nikolu çox səbrli adam kimi təsvir edib.
“Əgər o, hər şeyi təsəvvür etdiyi kimi etsə, biz gözəl ölkədə yaşayacağıq”,- deyə analığı Nikol Paşinyana inandığını vurğulayıb.
Yercanik Çibuxçyan deyib ki, Nikolun ögey anası olsa da, onlar həmişə bir-birinə qarşı dogmalar kimi davranıblar. Yercanik Çibuxçyanın sözlərinə görə, Nikolun digər qardaşlarına da doğma anadan artıq olub.
"İndi onların övladları - nəvələrim mənə “nənə” deyəndə bilirsiniz necə sevinirəm… Ailə ən böyük xoşbəxtlikdir. Nikolun atası ilə evliliyimin ilk günlərində oğlanlara baxanda çaşardım - hansının Artak, hansının Armen, hansının Nikol olduğunu qarışdırırdım?! Sonra tədricən doğmalaşdıq və onlar mənə bütün qohumlarından daha yaxın oldular", - deyə ögey ana mətbuata müsahibəsində söyləyib.
Analığı Nikolun Ermənistanı işıqlı günlərə çıxaracağına əmin olduğunu deyir: "Mən xalqımla fəxr edirəm ki, 2018-ci ildə hamı bir nəfər kimi ayağa qalxdı və məqsədinə çatdı. İndi xalq yaxşı günlərə doğru irəliləyir", - Nikolun ögey anası bildirib.
Nikol Paşinyan tələbə yoldaşı olmuş Anna Akopyanla evlidir. Onlar birinci kursda tanış olublar.
“İlk dəfə auditoriyaya daxil olanda dərhal bu adı eşitdim - Nikol Paşinyan. Hamı ondan danışırdı: müəllimlər, dekanlar, tələbələr. Sonra birinci kurs tələbəsi kimi mənə vacib bir tapşırıq verildi: qəzetə məqalə yazmaq. Məhz o vaxt Nikolun işlədiyi redaksiyaya getdim. Nikol mənə ilk baxışdan aşiq oldu, mən də ona”, - Anna Akopyan bildirib.
Anna ilə Nikolun izdivacından dörd uşaq dünyaya gəlib: oğlanları Aşot, qızları Mariam, Şuşanna və Arpine.
Ə.Qafarlı
***
Həmçinin oxu:
Zelenskinin valideynləri: “Onun prezident olmağını istəmirdik”
Trampın valideynləri - ABŞ lideri: “Anam cənnətdədir, atam haqda isə buna əmin deyiləm"
Putinin valideynləri - “Atamı heç vaxt sərxoş görmədim, anam isə bircə dəfə də söyüş söymədi”
Meloninin valideynləri: “Hər şeyi anama borcluyam, atama isə nifrət etmək istərdim”