Bayden və Tramp arasında debat olacaq
Rusiyanın əsas gəlir mənbələrindən biri olan neft sektorundan büdcəyə daxilolmalar kəskin azalır.
Qutb.az "Reuters"ə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar ayında Rusiya büdcəsi neft hasilatına görə son üç ilin ən aşağı vergi gəlirlərindən birini əldə edə bilər.
Agentliyin hesablamasına görə, neft şirkətləri ilin ilk ayında dövlət büdcəsinə təxminən 380 milyard rubl, yəni 4,72 milyard dollar məbləğində vergi ödəyəcək. Bu göstərici dekabr ayı ilə müqayisədə 16 faiz, 2025-ci ilin yanvarı ilə müqayisədə isə iki dəfədən çox azdır.
Agentlik yazır ki, vergi daxilolmalarının azalmasının əsas səbəbi dünya bazarında neft qiymətlərinin düşməsidir. Bununla yanaşı, dekabr ayında rublun ABŞ dollarına nisbətən möhkəmlənməsi və neft məhsullarının qiymətlərinin enməsi də büdcə gəlirlərinə mənfi təsir göstərib.
Agentliyin məlumatına görə, dekabrda iri neft şirkətləri hasil edilən hər ton xam neftə görə 14 266 rubl vergi ödəyiblər. Bu rəqəm noyabr ayı ilə müqayisədə 19 faiz, 2024-cü ilin dekabrı ilə müqayisədə isə 54 faiz azdır. Reuters qeyd edir ki, vergi dərəcəsi 2022-ci ilin dekabrından, yəni Avropa İttifaqının Rusiyaya qarşı neft embarqosu tətbiq etdiyi dövrdən bəri ən aşağı səviyyələrə qayıdır.
Xatırladılır ki, faydalı qazıntıların hasilatına görə vergilər Rusiyada hər ayın 28-də ödənilir və əvvəlki ayın neft hasilatı həcmlərini əks etdirir. Neft-qaz gəlirləri Rusiya büdcəsinin təxminən dörddə birini təşkil edir və Rusiya-Ukrayna müharibəsinin maliyyələşdirilməsində əsas mənbələrdən biri sayılır.