Slovakiya Baş nazir Robert Fikonun rəhbərliyi altında Avropanın ən çox rusiyayönlü ölkələrindən birinə çevrilib.
Publika.az xəbər verir ki, "Bloomberg" müşahidəçiləri Rusiyaya doğru dönüş edən NATO üzvü olan ölkə haqqında yazır.
Qeyd olunur ki, Slovakiya hələ də rəsmi olaraq Avropa İttifaqı və NATO qarşısında öhdəliklərini yerinə yetirir, lakin Rusiyaya doğru keçid “dramatik olub”. Bundan əlavə, gələn həftə sonu ölkədə keçiriləcək prezident seçkiləri son nəticədə bu mövqeyi möhkəmləndirə bilər.
Fikonun müttəfiqi və prezidentliyə namizəd Peter Pelleqrini favorit hesab olunur. O, hazırkı baş nazirin mövqeyini bölüşərək Slovakiya cəmiyyətində sülh və əmin-amanlığın tərəfdarıdır. Onun əsas rəqibi və keçmiş xarici işlər naziri İvan Korkok isə əksinə, Slovakiyanı transatlantik maraqlara uyğun olaraq yenidən qurmaq istəyir.
Agentliyin müşahidəçiləri onu da vurğulayırlar ki, Fiko üçün suveren Slovakiyanın xarici siyasəti Ukraynaya hər hansı hərbi yardım göstərməkdən imtina etmək deməkdir.
Slovakiyanın baş naziri daha əvvəl demişdi ki, Slovakiya Rusiyanı özünə düşmən edən ölkə olmaq istəməz. O əlavə edib ki, bir çox siyasətçilər Avropa ilə Rusiya arasında yeni dəmir pərdə çəkməyə üstünlük verəcəklər. Fiko hamını heç vaxt belə bir siyasətə əməl etməyəcəyinə inandırıb.
Hüseyn İbadlı