“Radio jurnalistikası” əsəri dərslik yaradıcılığımızda bir ilkdir
Tamamilə mübaliğəsiz demək olar ki, “Radio jurnalistikası” əsəri Azərbaycan xalqının böyük mənəvi sərvəti olan, Azərbaycan radiosunun 100 yaşına ən qiymətli və dəyərli töhfədir. Əsərdə mövzular müasir üsullarla təqdim edilərək, “çağdaş radionun dolğun obrazı” ustalıqla yaradılıb. Bir əsrlə yaşıd olan radiomuz “xalqımızın tribunası, aynası və Vətənin səsi” kimi təqdim edilir. Bu səsin əbədi olacağında və milyonlarla dinləyicinin qəlbini fəht edəcəyində radiojurnalistikanın əməyi danılmazdır.
Televiziya və internetin sürətlə inkişafı radionu sıxışdırıb aradan çıxaracaq fikirləri nə yaxşı ki, bu gün özünü doğrultmadı. Əksinə, internetin yaranması radio üçün “yeni və hüdudsuz arena” qazandırdı və radio hər zaman evdə, avtomobildə, ən ucqar məkanda belə etibarlı həmsöhbətimizə, qulaq yoldaşımıza çevrilərək, bizimlə canlı ünsiyyət qurur. Radio bizə yalnız informasiya vermir, o, həm də müxtəlif məzmunlu verilişləri, könlü oxşayan musiqiləri ilə hər zaman ruhumuza hakim kəsilir, diqqətimizi cəlb edir, problemlərimizi dilə gətirir, dərdlərimizə, sevincimizə şərik olur. Deməli, təcrübə bir daha deməyə imkan verir ki, bu “danışan qutu” hər zaman, hər yerdə gərəyimizdir. Məhz buna görə onu daha mükəmməl öyrənmək və öyrətmək lazımdır.
Qarşımdakı “Radio jurnalistikası” əsəri radionu mükəmməl şəkildə öyrənməyə və öyrətməyə ünvanlanıb. Əsərin müəllifləri “müasir jurnalistikanın, həmçinin, kütləvi kommunikasiya mediasının incəliklərini dərindən bilən” və bu sahədə uzun illər çalışaraq zəngin təcrübə toplayan, gənc pedaqoq-alim Aynur Nəsirova və Xatirə Hüseynovadır. BDU-nun nəşriyyatında yenicə işıq üzü görən “Radio jurnalistikası” adlı dərslik bu sahədə son illər yazılan əsərlərdən bir çox xüsusiyyətlərinə görə fərqlənir.
“Radio jurnalistikası” əsəri “Radiojurnalist hansı vərdişlərə yiyələnməlidir?” sualına çox mükəmməl cavab verir. Dərslik radio-televiziya sahəsində görkəmli tədqiqatçı-alim, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin elmi redaktorluğu və məsləhəti ilə ərsəyə gəlib. Odur ki, əsərdə “müasir radio jurnalistikasında önəmli olan bütün əsas istiqamətlər əhatə edilib”. Radionun müasir media sistemindəki yeri, rolu ən kiçik detallarına kimi geniş şəkildə təhlil edilib və ən əsası “audio materialların QR kod şəklində mətnə əlavə edilməsidir”. Bu vasitə ilə “tələbə QR kodu oxudaraq sözügedən audiomaterialı rahatlıqla dinləmək və təhlil etmək imkanı qazanır”. Ona görə də bu gün qürurla deyə bilərik ki, bu “bizim dərslik yaradıcılığımızda ilk dəfə məhz burada tətbiq olunan təcrübədir”.
Dərsliklə tanış olarkən bu “danışan qutu”nun nə qədər görünməz və sehirli bir möcüzələr aləmi olduğunun şahidi oluruq. Doğrudur, televiziyanın əsrarəngiz cazibəsi var, amma bu da danılmaz bir faktdır ki, “radionun da zəngin səslər palitrasına əsaslanan fərqli təbiəti var”. Gənc pedaqoq-alim A.Nəsirova və X.Hüseynova əsərdə bu sehirli aləmin görünən tərəfləri ilə yanaşı, görünməyən tərəflərini də ustalıqla oxucusuna aça biliblər. Müəlliflər jurnalistikanın bir qolu kimi tədqiqata cəlb edilən radioda xəbərin, musiqinin və s. hazırlanmasında və təqdimində səsyazmanın, montajın, redaktənin, musiqi tərtibatının incəliklərini peşəkarlıqla əks etdiriblər. Ən əsası “danışan qutu”da müasir tələblərə yüksək səviyyədə cavab vermək üçün “onlayn radioproqramın yaradılması və sayta yüklənməsi yolları göstərilir, praktik vərdişlər aşlanır”. Tələbə dərsliklə tanış olarkən dinləyici auditoriyasını cəlb etməyin yollarını öyrənir, “sirr”lərini mənimsəyir və dinləyici auditoriyası haqqında ətraflı, düzgün bilgiyə yiyələnir.
Əslində mən dəfələrlə bu dərsliyin müəlliflərinin mühazirə və seminarlarını praktik şəkildə auditoriyadan kənarda, dövlət və özəl radiolarda keçdiklərinin şahidi olmuşam. Onlar bu zaman tələbələrinə canlı olaraq efirdə işləməyin sirlərini öyrətməklə yanaşı, həm də dinləyici auditoriyasını cəlb etməyin yollarını göstərirlər.
“Radio jurnalistikası” əsəri prof. Qulu Məhərrəmlinin təbirincə desək, “radio, televiziya və internetlə rəqabətdə öz varlığını necə qoruyub saxlayır?” kimi aktual suala mükəmməl cavab verir. Müəlliflər dünya təcrübələrinə istinad etməklə, oxucusunda “çağdaş radionun dolğun obrazını” yaradaraq tələbələrinə faydalı tövsiyələr, maraqlı fikirlər, mülahizələr təqdim edərək bələdçi rolunu oynayırlar.
On iki mövzunu əhatə edən dərslikdə müasir elektron KİV sistemində radionun olduqca mühüm rol oynadığı əsaslandırılır. Müəlliflər bu fikrini bir daha təsdiqləmək üçün əsər boyu öz qənaətlərini, mülahizələrini dünyanın məşhur radio tədqiqatçılarından gətirdikləri sitatlarla zənginləşdirir, möhkəmləndirir və radionun media mühitindəki yerini müəyyənləşdirirlər. Bu qənaət əsərin elmi redaktoru “Radio dünyanın səs yaddaşı” adlandırdığı ön sözdə də vurğulanır: “Müəlliflərin dünya radioyayımında gedən ən müasir tendensiyaları əhatə etmələri dərsliyin dəyərini artıran amillərdəndir”.
Radionu “media sistemində ən operativ” vasitə adlandıran müəlliflər radioyayımın tarixinə də nəzər salaraq onun inkişafını, keçdiyi yolu, vəzifələrini, xarakterik xüsusiyyətlərini oxucunun gözləri qarşısında canlandırırlar. Azərbaycanda radio yayımın tarixindən başlayaraq, çağdaş dövrümüzdəki fəaliyyətinə kimi, uzun bir yola nəzər salınır və uğurlu layihələrdən, görülən işlərdən bəhs edilir.
Əsərin sonunda “Peşəkar təcrübəsindən seçmələr” başlığı altında verilən yazılar da diqqəti cəlb edir. Burada milli radiomuzun yaranmasında, inkişafında, cəmiyyət tərəfindən sevilməsində və yaddaşlara həkk edilməsində əməyi olan görkəmli radio əməkdaşlarının, aparıcılarının, mütəxəssislərinin də fikir və düşüncələrinə yer verilib. Əsərin sonunda verilən cümlə yuxarıda söylədiklərimizə öz möhürünü vurur: “İnternetin mediaya hökmranlıq etdiyi dövrdə radionun gənc nəsillər arasında hələ də populyarlığını qoruyub saxlaya bilməsi, şübhəsiz ki, onun müxtəlif yenilikçi məzmunlar vasitəsilə gənc nəsillərə xitab edə bilməsindən irəli gəlir”. Milli adət-ənənələri qoruyan, yaşadan, böyük, zəngin tarixə malik olan Azərbaycan radiosu haqqında çox dəqiq və yerində söylənilən bir fikirdir.
İngilis filosofu Alfred Teylor yazırdı ki, “Kitab gənclərin yol bələdçisidir”. Biz də əminliklə deyə bilərik ki, “Radio jurnalistikası” kitabı yalnız, jurnalistika ixtisasında təhsil alan tələbələr üçün deyil, həm də bu sahə üzrə araşdırma aparan tədqiqatçılar, mütəxəssislər, milyonlarla radiosevərlər üçün də çox faydalı və maraqlı bələdçisi rolunu oynayacaq.
Qərənfil Dünyaminqızı