Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər məhkəməyə gəlməyən bəzi şahidlərin məcburi gətirilməsi ilə bağlı vəsatət veriblər.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə A.Rzayev və digər şahidlərin məhkəmədə dindirilməsinin mümkün olmadığını bildirib. Vəkil həmin şahidlərin məhkəməyə gətirilməsi barədə vəsatətlərindən imtina etdiklərini deyib. O, həmin şahidlərin məhkəmədə ibtidai istintaq zamanı verdikləri ifadələrinin elan olunması barədə vəsatət verib.
Vəsatət qismən təmin edilib. Bildirilib ki, A.Rzayevin məhkəməyə gəlməsi üçün müvafiq tədbirlər görüləcək.
Daha sonra Cəlal Kazımovun ailə üzvlərinə məxsus bəzi əmlakların həbsdən çıxarılması məhkəmədən xahiş edilib.
Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin olunub.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə idarəsinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.