"Bəyin oğurlanması" filminin Gülbadamı, aktrisa Naibə Əlibəyova dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu haqda "Moderator.az"a aktrisanın yaxınları məlumat verib. Bildirilib ki, o səhər saatlarında Yasamal qəbiristanlığında dəfn olunub.
Aktrisa bir müddət əvvəl xəstəliyi haqda danışaraq bunları bildirmişdi:
"Bilirsiz ki, başımda şiş var idi, sinir damarlarıma toxunub, onları əzmişdi. Ümumiyyətlə, danışığım tam itmişdi, səsim tutulmuşdu, danışa bilmirdim, əsəbləşirdim, hirslənirdim, əməliyyatdan sonra danışığım yavaş-yavaş bərpa olundu. Bir də görürsən ki, bülbül kimi, problemsiz danışıram, amma bir də görürsən ki, tutur məndə, ona görə də çəkinirəm çəkilişlərə getməyə. Bədən cəhətdən sağlamlığım yerindədir" deyə aktrisa bildirib.
Qeyd edək ki, "Bəyin oğurlanması" filmində Arif Quliyev Miriş, aktrisa Naibə Əlibəyova isə Gülbadam obrazında çəkilib. Hər iki sənətkarın iştirak etdiyi məşhur "salam-sağol" səhnəsini yəqin ki, hamı xatırlayır.