Çox təəssüf ki, bu gün telekanallarda kimlərinsə adamı, sevgilisi olduğuna görə, kiminsə zəngi ilə və ya başqa müxtəlif yollarla, hər nə olur-olsun “efirdə olmalıyam” məqsədi ilə bir çoxları at oynadır. Bunu anladıq, yaxşı, hər kəsin öz seçimi var. Bəs arxasız, köməksiz, özünə, savadına, işinə güvənən və qıraqda qalan mənim kimi insanlara kim kömək edəcək? Biz kimə müraciət edək? Gedib kimi qapısını döyüm? Dərdimi kimə deyim? Niyə normal işləməyə şərait yaratmırlar?
Publika.az xəbər verir ki, bu fikirləri illərdir bir sıra televiziya kanallarında işləyən, tanınmış aparıcı Günel İsmayılqızı deyib. Aparıcı ilə geniş müsahibəni təqdim edirik.
-Salam, Günel. Səni belə ittihamlı, sərt çıxış etməyə nə və ya kim vadar edir?
-Salam, xoş gördük. Bilirsiniz, çox gözlədim , fikirləşdim ki, nəsə düzələr, yaxşılığa doğru bir dəyişiklik olar. Amma əksi baş verir təəssüf ki... Ona görə qərara gəldim ki, məni narahat edən, bu gün işsiz qalmağıma səbəb olan hər şey haqqında danışım. Adam abır-həya gözləyir, düşünür ki, yəqin yaxşı olar, bir az da dözüm... Olmur , vallah olmur. Əksinə hər şey daha pisə doğru gedir.
Kim məni görür - bu sahədən olan dostlarım, tanışlarım, illərlə TV-də çalışan, televiziya sahəsində öz sözünü deyən insanların ilk sualı bu olur mənə: Günel niyə işsizsən? Filan TV-nin rəhbərinin yanında olmusan? CV-ni göndərmisən? Vallah biz elə adamlarıq ki, əslində bizim CV-yə ehtiyacımız yoxdur. Bizim simamız elə bizim CV-dir. Amma formal olaraq hər yerə CV göndərmişəm. Elektron qaydada da müraciət etmişəm... Amma nə olsun?
-Heç bir televiziyadan geridönüş olmayıb? Sən kifayət qədər tanınan efir adamısan əslində. Özü də, səhv etmirəmsə televiziyaya təzə gələndə səni bir aparıcı kimi kəşf edən, efirə çıxaran türkiyəli televiziya mütəxəssisləri olub, doğrudur?
-Elədir ki, var. İlk dəfə “Xəzər” telekanalında işə başlamışam. O vaxtı “Samanyol” adlanırdı həmin telekanal. Sonradan adı dəyişdi. CV-ni qoyub getmişdim. Bir gün zəng gəldi ki, CV-yə baxılıb , sizi dəvət edirik. “Məni türklər kəşf etdi” ifadəsi tamamilə yerinə düşür. Hava məlumatını aparmağa başladım. Hamı məni “hava Günel” deyə çağırırdı (gülür). Məqsədim təbii ki, xəbər aparıcısı olmaq idi. Elə oldu ki, bizim yollarımız “Xəzər”lə ayrıldı. O vaxt ana telekanalın nəzdində olan “İdman Azərbaycan”dan xəbərləri aparmaq təklifi gəldi və mən məmnuniyyətlə bunu qəbul elədim. Bir müddət burada çalışandan sonra “Yurd” TV-yə keçdim. Əslində insan ətrafında həmişə düz, vicdanlı adamlar axtarır, amma təəssüf ki, çox vaxt doğru olmayanların arxasında dayanırlar. Mənim iş yerimi dəyişməyimin əsas səbəblərindən biri də elə məhz budur.
“Yurd” TV-dən də ayrılandan sonra bir müddət bu sahədən uzaqlaşdım. Fikirləşdim ki, bəlkə tam fərqli bir sahədə özümü sınayım. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin çalışmağa başladım. Amma özünü həmişə TV-də görən Günel burada çox qala bilmədi. Yenidən televiziyaya qərar verdim və ATV-də, “İnter.az TV”də aparıcılıq etdim.
-Amma bir müddət yenə televiziyadan uzaq düşdün. Nə idi bu get-gəlin səbəbi, sirr deyilsə?
4 il yarım şəxsi səbəblərdən aparıcılıqdan uzaqlaşdım. Atamın səhhətində yaranan problemlərə görə seçim qarşısında qaldım və təbii ki, ailəmi seçdim. Bir övlad kimi bu illər ərzində əlimdən gələni etdim. Əfsus ki, atam dünyasını dəyişdi...
Öz-özümə dedim ki, haradansa başlamaq lazımdır bu həyatda. Elə o vaxt yeni yaradılan “Səhiyyə” TV-dən təklif gəldi və məmnuniyyətlə qəbul elədim. Fikirləşdim ki təzə kanaldır, normal mühit və iş şəraiti olar... Amma təəssüf ki, bu dəfə də belə olmadı... “Səhiyyə” TV-nin rəhbəri Azər ( Azər Xudiyev) müəllim sırf səhiyyə adamıdır. Televiziya sferasının insanı deyil və təbii ki, bundan istifadə edib ortada suyu bulandıranlar oldu. Kanalın daxilində nələr oldusa, baxdım ki, yenə də haqsızlıqla üz-üzəyəm ... Mən Azər müəllimdən zərrə qədər də olsa incik deyiləm. Özü də, həyat yoldaşı da çox gözəl insanlardır. Sadəcə onların televiziya adamı olmamasından bəziləri, digər kanallardan gələnlər istədikləri kimi yararlana bildilər. Təbii ki mən bu haqsızlığı götürə bilmədim. Çünki kanal yaranan ilk gündən orada olmuşam, bir aparıcı kimi işimin öhdəsindən layiqincə gəlmişəm. Amma sonradan kanala gələn əməkdaşlar, hansılar ki, əvvəl işlədikləri yerlərdə də necə biri olduqlarını təsdiq ediblər, bunu bir daha sübut etdilər. Mənim heç kimlə nə ədavətim, nə bir qalmaqalım olmayıb bu günə kimi. İşini sevən heç kimlə işi olmayan, bəli-xeyirlə danışan, ədəb-ərkanını sərgiləyən və bundan çəkinməyən mənim kimi insanlar sevilmir. Təəssüf ki, bu dəfə də belə oldu, kanal rəhbərliyi də məhz aravuran əməkdaşların arxasında dayandı və mən “Səhiyyə” TV ilə yollarımı ayırdım.
-Günel, bütün bu illər ərzində kifayət qədər kanalda çalışıbsan. Səncə niyə belə olur? Nədir düz getməyən? Bayaq dedin ki, aravuran, ortalığı qızışdıran adamlar var. Nə istəyirlər səndən? Niyə belə edirlər?
-Mən əməlisaleh olmayan hansısa rəhbərin səhv qərarına görə işsiz qalıb televiziyadan uzaq düşmüşəm. Mənim üsyanım məhz bu səbəbdəndir. Çox təəssüf ki, kimlərinsə adamı, sevgilisi olduğuna görə, kiminsə zəngi ilə və ya başqa müxtəlif yollarla, hər nə olur olsun “efirdə olmalıyam” məqsədi ilə indi bir çoxları at oynadır. Bunu anladıq, yaxşı. Hər kəsin öz seçimi var. Bəs arxasız, köməksiz, özünə, savadına, işinə güvənən və qıraqda qalan mənim kimi insanlara kim kömək edəcək? Biz kimə müraciət edək? Gedib kimi qapısını döyüm? Dərdimi kimə deyim? Niyə normal işləməyə şərait yaratmırlar?
İşsizəm, ona görə ki, düzü sevirəm, həmişə həqiqətin tərəfdarıyam. İstədiyim nədir, onu bilirəm, şükür, ağlım başımda, əxlaqım yerində, nə istədiyimi bilirəm.
Elə məndə özümə bu sualı verirəm: Niyə işləmirəm?
-Maraqlıdır, bu suala cavab tapa bilirsən?
Əvvəl televiziya rəhbərləri nəsə bir səhv edəndə səni çağırıb soruşurdu ki, niyə belə olub, maraqlanırdı, günahın olanda töhmət verirdi, xəbərdarlıq edirdi. Haqlı irad bildirirdilər, tələb edirdilər. İndikilər nəinki çağırıb səndən nəsə soruşur, maraqlanır, birdən eşidirsən ki, işdən çıxarılıbsan, işsizsən. Ay başına dönüm nə oldu, nə baş verdi? Niyə? Niyəsini belə demirlər Adam bilmir nə desin. Bu qədərmi qorxaqsınız? Bu qədərmi acizsiniz?
Bu yaxınlarda bir telekanala CV-ni göndərdim, sonra özüm də gedib müraciət edim. İlk şərtləri bu oldu: Bizdə aparıcılar “S” ölçü geyinməlidirlər. Bilmirsən güləsən və ya ağlayasan... Bu harada yazılıb, hansı qanunda belə bir tələb nəzərdə tutulur? Sən mənim savadıma, efir aparmağıma, nitqimə bax, qiymət ver, yoxsa “S” ölçü geyinmək tələbi hansı məntiqə uyğundur? Bizim o qədər gözəl, savadlı, bu gün efirdə kifayət qədər özünü təsdiq edən və əsla “S” ölçü geyinməyən aparıcılarımız var ki. Hələ Türkiyə, Rusiya və digər dünya ölkələrində buna bənzər o qədər nümunələr çəkmək olar.
Yəqin ki, dünya şöhrətli aparıcı Opra Uinfrini çoxları tanıyır. Onun aparıcısı olduğu “Oprah Şou” Amerika televiziyasında yayımlanan ən populyar verilişlərdən biri olub. O, dünyanın ilk qaradərili milyarder xanımıdır. Və ən əsası Opra Uinfrini heç vaxt “S” ölçü geyinməyib.
Hələ məsələnin başqa bir tərəfi də var. İş üçün müraciət edirsən, deyirlər sponsor axtarın, tapın, gətirin sizə efir verək. Axı aparıcı niyə sponsor axtarmalıdır? Bəs bu məsələ ilə bağlı kanaldan kifayət qədər yüksək əməkhaqqı alan, bu işlə məşğul olan insanlar nə iş görür? Ürəyim o qədər doludur ki...
-Səncə, bu çağırışından, müsahibədən sonra dəyişən nə isə olacaq?
Televiziya mənə qapılarını bağlasa da, mən oranı evim bilirəm. İnsan evinin qapısını döyməyə heç vaxt utanmamalıdır. Utansın o şəxslər ki, bizi doğma evimizdən, iş yerimizdən edib, işsiz qoyublar. Utansın o şəxslər ki, bizi tanıyaraq daşa-kəsəyə salırlar, vadar edirlər ki, bu işini at, başqa sahədə ol və ya heç olma, it, bat... Niyə axı? İllərimizi vermişik biz bu sahəyə. Niyə bu gün mən və mənim kimi illərini televiziyaya həsr edən biri işsiz qalmalıdır, televiziyadan uzaq düşməlidir?
Mənim bütün televiziya rəhbərlərinə hörmətim var. Onlardan istədiyim sadəcə ədalətli və vicdanlı qərar qəbul etmələridir.
Cəmilə