2 günlük konsert proqramı ilə şəhərimizə qonaq olan Türk musiqisinin əfsanə ismi Mahsun Kırmızıgül şəhid ailələrini qonaq edib.
Publika.az xəbər verir ki, Azərbaycana və xalqımıza olan sonsuz sevgisini dilə gətirən sənətçi konsert proqramından sonra ən dəyərli qonaqlarını - Vətən fədailərinin ailələrini bir süfrə arxasında toplayaraq öz sevilən musiqilərinə qonaq edib.
Hər kəs onunla görüşməyə can atarkən o ən gözəl mahnılarını səhidlərimizin analarına ithaf etdi. Bakı Media Mərkəzi – 13 restoranında bir süfrə arxasında toplaşan Mahsun Kırmızıgül bir sənət insanı kimi deyil, iki dövlət, bir millətin nümayəndəsi, şəhid analarına bir oğul kimi könlündən süzülən ən gözəl mahnılarını və diləklərini onlara xitab edib.
Musiqi dünyasına unudulmaz əsərlər bəxş edərək, 7-dən 70-ə hər kəsin könlündə taxt quran sənətçi “Annem-annem” mahnısını şəhid anaları üçün səsləndirərək duyğulandı və duyğulandırıb.
Övladlarını itirsə də, şərəfli ad qazanan şəhid analarımızın adından çıxış edən şəhid general-mayorumuz Polad Həşimovun anası Səmayə ana bu dəyərli dəvət üçün Mahsun Kırmızıgülə təşəkkür edib. 2 lider – Türkiyə prezidenti cənab Ərdoğan və prezidentimiz cənab İlham Əliyevin dostluğunu, 2 dövlət 1 millət prinsipinin xalqlar arasında belə hər daim uca tutularaq istər siyasi, istərsə də, ictimai müstəvidə daim qardaşlıq nümayiş etdirdiyini xüsusilə vurğulayan Səmayə ana bu gözəl görüş və səmimi ünsiyyət üçün Mahsun Kırmızıgülə öz xeyir-dasını və sevgisini ifadə edib.
Bu görüşü belə Mahsun Kırmızıgül tərəfindən Azərbaycan şəhidinə və şəhid ailəsinə göstərilən böyük dəyər kimi qiymətləndirən şəhid Teymur Abbaslının anası Başxanım Abbasova da sevilən sənətçiyə öz sevgtisini ünvanlayıb.
Tədbirin aparıcılığını öz üzərinə götürən tanınmış aparıcı Jalə Həsənli bu unudulmaz görüşün həm Mahsun Kırmızıgül, həm də onun sənətini çox sevən şəhid ailələrimiz üçün böyük dəyər kəsb etdiyini vurğulayıb. Qəhrəmanlarımızın ailə üzvləri ilə yanaşı sənətçinin dəvətini qəbul edən və hər zaman ifaları ilə şəhid ailələrinin könlünü riqqətə gətirən sevilən muğam ifaçılarımız Mirələm Mirələmov və Leyla Rəhimovanın da təşrif buyurması görüşə ayrı bir rəng qatıb.
Jurnalist, yazıçı, “Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı da dəyərli və millətimiz üçün hər daim əziz olan insanlarla bir süfrə arxasında görüşməyi, Mahsun Kırmızıgülün bu özəl və seçilmiş dəvətini yüksək qiymətləndirərək ona yalnız sənətçi deyil, bir qardaş, şəhid analarımıza bir övlad kimi öz minnətdarlığını və sevgisini ünvanlayıb.
Dəvəti və musiqi ziyafətini qəbul edib bir süfrə arxasında görüşü ilə günü şərəfləndirən şəhid ailələrinə öz sevgisini bildirən Mahsun Kırmızıgül dəyərli qonaqları sırasında “Mənim oğlum qəhrəmandır” və “Mənim atam qəhrəmandır” layihələrinin rəhbəri Cəlal Qurbanovu da görməkdən böyük məmnunluq duyduğunu xüsusilə vurğuladı. “FireLand” qrupun rəhbəri Cəlal Qurbanov da öz növbəsində belə səmimi görüş, şəhid ailələrimizə göstərdiyi böyük diqqət və könüllü ünsiyyət üçün sevilən sənətçiyə öz təşəkkürünü ifadə etdi.
Möhtəşəm gündən, dəyərli dəvətdən və sevilən görüşdən geriyə həzin mahnılar, xoş təəssuratlar, sevgi, hörmət dolu şəkillər və unudulmaz bir xatirə qaldı.