Yanğına görə Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında KTM-in Yenidoğulmuşlar şöbəsinin uzman pediatr-neanotoloq Aysel Qədimova deyib.
Onun sözlərinə görə, şöbəyə daxil olan 15 körpədən ağır olan 6 nəfərin 3-ü süni tənəffüs aparatına qoşulub.
12:58
Yanğınla əlaqəli təxliyə olunan 26 yenidoğulmuşdan 15-i Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə, 11-i isə KTM-in tərkibində fəaliyyət göstərən Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.
Publika.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd bildirib.
Onun sözlərinə görə, 15 körpədən 8-i reanimasiya şöbəsinə yerləşdirilib, həkim nəzarətindədir. Digər 7 körpənin vəziyyəti stabildir, müalicələri davam edir.
Qeyd edək ki, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.