Ukrayna prezidenti Vladimir Zelenskinin tərcümeyi-halını yazan və bir il onunla birlikdə olan "Time" müxbiri Saymon Şuster Kiyev və Moskva arasında sülh danışıqlarının təfərrüatlarını açıqlayıb.
Publika.az xəbər verir ki, Saymon Ukrayna lideri haqqında yazdığı “Şoumen” kitabında izah edir ki , 2022-ci il aprelin ortalarında Ukrayna və Rusiya nümayəndə heyətləri Vladimir Zelenski ilə həmkarı Vladimir Putin arasında görüş təşkil etməyə cəhd ediblər.
Məlumata görə, Rusiya və Ukrayna danışıqlarını aparan şəxslər münaqişənin yeganə həll yolunun Putin və Zelenski arasında şəxsi görüş təşkil etmək olduğunu bildiriblər.
Müharibənin başlamasından sonra sülh danışıqlarının ilk raundu fevralın 28-də Belarusda keçirilib. Ukrayna tərəfinin əsas məqsədi ruslarla əlaqə yaratmaq olub. Danışıqların şərtləri Kiyevin daimi neytrallığı ideyasına əsaslanıb.
Ukrayna Rusiya, ABŞ, İngiltərə, Çin, Fransa, Almaniya, İsrail və bir sıra digər dövlətlərin təhlükəsizlik zəmanətləri müqabilində NATO və digər hərbi ittifaqlara qoşulmaq planlarından imtina etməyə hazır olub.
Kiyev təkliflərini 29 mart 2022-ci ildə İstanbulda keçirilən iclasda müzakirəyə çıxarıb. Krım probleminin həllinin 15 il müddətinə dayandırılması təklif edilib. Bu müddət ərzində güc tətbiq etməyəcəyinə söz verən tərəflərdən məsələnin sülh yolu ilə həlli tələb olunub.
Ukrayna prezidentinin komandasının bir qismi ondan sülh prosesini dayandırmağı və Putinlə görüşdən imtina etməyi tələb edib. Zelenski danışıqları dayandırmaqdan imtina edib və kompromis kimi bəzi sahələrdə təmasları azaltmağa razılaşıb.
2022-ci ilin aprelində Böyük Britaniyanın o zamankı baş naziri Boris Consonun Kiyevə gözlənilməz səfərindən sonra İstanbulda aparılan danışıqlarda əldə olunan razılaşmalar Ukrayna tərəfindən rədd edilib.
Roza Şəfiyeva