İsmayıllı sakinini öldürüb meyitini yandırmaqda təqsirləndirilən Elvin Əliyev və Ümidvar İbişova hökm oxunub.
Publika.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmlə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla Ümidvar İbişov 17 il 6 ay, Elvin Əliyev isə 17 il 9 ay 15 gün müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, prokuror Orxan Kəngərli məhkəmədən hər iki təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, 28 mart 2020-ci il tarixdə İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktına görə İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, meyitin şəxsiyyətinin və cinayəti törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Lakin sonradan cinayət işi Baş Prokurorluqda öyrənilib və iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə istintaqın davam etdirilməsi Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.
Aparılan istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri nəticəsində aşkar edilən naməlum insan skeletinin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən olunub.
Həmçinin, müəyyən edilib ki, 2020-ci ilin mart ayında Ümidvar İbişov və Elvin Əliyev şəxsi münasibətlər zəminində tanışları Rəşad Məmmədovu öldürmək barədə qabaqcadan razılığa gələrək sonuncunu narkotik asılılıqdan müalicə almaq üçün tibb müəssisəsinə yerləşdirmək adı ilə Elvin Əliyevin istifadəsində olan “Hyundai” markalı avtomobilə əyləşdirib Bakı şəhəri, Qaradağ rayonu ərazisindən Yasamal rayonu istiqamətində hərəkətdə olarkən kəmərlə boğaraq qəsdən öldürdükdən sonra cinayətin izini gizlətmək məqsədilə sonuncunun meyitini İsmayıllı rayonunun Tubu kəndinə apararaq orada yandırıblar.
Toplanan sübutlar əsasında Ümidvar İbişov və Elvin Əliyevə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib.